Bakıda ilk özəl taksi şirkəti 1995-ci ildə yaradılıb. İllər keçdikcə taksi şirkətlərinin sayı sürətlə artır. Artıq bazarda bir-biri ilə rəqabət aparan xeyli sayda yerli və xarici taksi xidmətləri fəaliyyət göstərir. Heç bir xidmətə qoşulmayan və fərdi şəkildə sərnişindaşıma ilə məşğul olan sürücülərin sayı isə daha çoxdur.
Vahid qiymətin olmaması, "birmanatlıq" taksilərin xidməti, xüsusi şirkətlərin paralel şəkildə fəaliyyət göstərməsi təzə tənzimləmələrə zəmin yaradır.
Belə ki, Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanacaq.
Fərmana əsasən, Nazirlər Kabineti normativ hüquqi aktların layihələri üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Gözlənilən yeni normativ qaydalara dair fikirlərini "Sherg.az"la bölüşən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, paytaxtda bir neçə qaydalarla fəaliyyət göstərən taksi şirkətləri mövcuddur:
"Xeyli taksi şirkəti xidmətlərini çətir kimi göstərirlər. Şəxsi avtomobilə malik sürücülər həmin şirkətlərlə konktrakt bağlayıb işləyirlər.
"Bolt", "Uber" "9933" kimi taksi xidmətlərini nümunə göstərə bilərik. Lakin bəzi şirkətlər öz nəqliyyatlarına sahibdirlər.
Məsələn, "Bakı taksi". Onlar sadəcə sürücüləri işə götürürlər. "Bir manatlıq" taksi , yaxud məhəllələrdə dayanaraq çalışanlar da var.
Fərmanda əsas məsələlərdən biri taksi xidmətində qiymətlərinin tənzimlənməsi istiqamətində ola bilər.
Şirkətlər arasındakı rəqabət qiymətlərin azalmasına imkan vermişdi.
Xidmətə cəlb olunan sürücülər sırasında boş dayanmalar müşahidə edilmirdi. İndi necə formalaşacağı, hansı şirkətlərin bazarda qalacağı barədə öncədən fikir söyləmək çətindir.
Elə şirkətlər ola bilər ki, taksometrlər quraşdırılandan sonra müəyyənləşdirilmiş tariflə razılaşacaq və ya razılaşmayacaq. Ehtimal, qiymətlərin bahalaşması mümkündür.
Vətəndaşlar artıq taksiyə deyil, alternativ ictimai nəqliyyata üstünlük verərlər. Konsepsiyanın nədən ibarət olduğunu gələcəkdə görəcəyik".