Aktual layihələr icra edilməyib, ayrılan cüzi vəsaitlər də qeyri-peşəkarlıqla xərclənib, israf edilib.
“Təhsil Tələbə Krediti Fondu (TTKF) bu günə kimi kredit götürən və təhsillərini uğurla başa vuran məzunların 433.000 AZN məbləğində ödənişini bağışlayıb".
“Sherg.az” xəbər verir ki, bu barədə ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov sosial media hesabında məlumat verib.
Təhsil eksperti, dosent İlham Əhmədov isə qeyd edib ki, "Təhsil Tələbə Kredit Fondu"nun yaradılması yaxşı təşəbbüsdür, lakin yaxşı olardı ki, tələbələr ödənilən təhsil haqqına uyğun olaraq keyfiyyətli, müasir tələblərə cavab verən ali təhsil ala bilərdilər:
“Ölkənin ali təhsil sistemi elə durumdadır ki, universitetlər istəsə də, müasir tələblər səviyyəsində keyfiyyətli ali təhsil verə bilməzlər. Bu durumun əsas səbəbi ali təhsil sistemində aparılan yarımçıq islahatlardır. DQQİ, MİQ, sertifikasiya və sair imtahanlar bunu aydın göstərir. Yəni kvadratın sahəsini tapa bilməyənlər təkcə müəllimlər deyil, belə "məzunlar" bütün ixtisaslar üzrə var.
Son 30 il ərzində ali təhsilin dinamik inkişafı, yeni məzmunun yaradılması, müasir tədris metodik təminatın yaradılması, müəllimlərin fasiləsiz təkmilləşdimə sisteminin qurulması və keyfiyyətin təminatı istiqamətində islahatlar üçün zəruri investisiyalar, aktual layihələr icra edilməyib, ayrılan cüzi vəsaitlər də səmərəsiz və qeyri-peşəkarlıqla xərclənib, yəni israf edilib. Deməli, Təhsil Tələbə Krediti təşəbbüsü nəticədə tələbələrə keyfiyyətsiz təhsili maliyyələşdirməyə, arxasında bilik və səriştələr olmayan diplom əldə etməyə, onları gələcəyin qeyri-müəyyən məşğulluq perspektivi müqabilində işsizlik və ya uzunmüddətli kredit borcuna düşməsinə səbəb olur. Bu vəziyyət ETN-i düşünməyə, illərlə yığılan problemləri nəhayət ki, həll etməyə sövq etməlidir”.
Kamran Əsədov da öz növbəsində TTKF-nin bu addımının səbəbini akademik göstəricilərini yüksək səviyyədə qoruyan və təhsil həyatında müvəffəqiyyət qazanan tələbələrin təşviq olunması ilə əlaqələndirib:
"Bu, həm təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə, həm də sosial ədalətin təmin edilməsinə yönəlmiş bir təşəbbüsdür. Qaydalarda da göstərilib, oxuduğu müddətdə qiymətləri 91 baldan yüksək olanlara götürdükləri təhsil haqqı krediti bağışlanır. Yaxşı oxuyan və əlaçı olan tələbələrin krediti bağışlanılıb".
K.Əsədovun sözlərinə görə, TTKF-nin bağışlama siyasəti təhsildə mükəmməllik prinsipinə əsaslanır:
"Yəni kreditlə təhsil almaq imkanı əldə edən tələbələrdən yüksək akademik nailiyyətlər əldə edənlər xüsusi təşviq olunurlar. Təhsil prosesində göstərilən səy və fədakarlıq maliyyə yükünün bir hissəsinin üzərindən götürülməsi ilə mükafatlandırılır. Bu yanaşma tələbələri motivasiya etməklə yanaşı, onların təhsil müddətində daha məsuliyyətli və məqsədyönlü olmalarına səbəb olur". Mərkəz direktoru həmçinin bildirib ki, burada fondun əsas məqsədi ölkədə təhsil imkanlarını genişləndirmək və maliyyə çətinlikləri səbəbindən təhsil almaqda çətinlik çəkən tələbələr üçün dəstək yaratmaqdır: "Kreditlərin bağışlanılması isə yalnız maliyyə yardımı deyil, həm də tələbələrin gələcək həyatlarına olan inamını artırmaq üçün simvolik bir jestdir. Bu addım yüksək nəticələr göstərən tələbələrin gələcəkdə daha rahat şəkildə karyera qurmasına imkan yaradır. Sosial ədalət və bərabər imkan prinsiplərini rəhbər tutaraq həyata keçirilən bu təşəbbüs təhsilin əlçatanlığını artırmaq məqsədini güdür. Kredit borcunun bağışlanılması ilə tələbələr təhsil sonrası maliyyə yükündən azad edilir və bu, onların iş həyatına daha güclü şəkildə başlamasına şərait yaradır. Bu da cəmiyyətə uzunmüddətli müsbət təsir göstərir, çünki yüksək təhsilli və motivasiyalı məzunlar əmək bazarının inkişafında mühüm rol oynayırlar".