Sabiq nazir Emin Əmrullayevlə razılaşmadı: Onun dediyi çıxış yolu deyil!

Firudin Cəlilov: Yaxşı, səviyyəli məzun hazırlamaq üçün pedaqoji akademiya yaratmaq lazımdır

Təhsilin keyfiyyətinin yüksəldilməsi və peşəkar müəllim hazırlığının təmin edilməsi cəmiyyətin uzunmüddətli inkişafı üçün əsas şərtlərdən biridir. Müasir dövrün tələbləri göstərir ki, pedaqoji kadrların hazırlanması daha sistemli, elmi əsaslara söykənən və mərhələli şəkildə qurulmuş yanaşma tələb edir.

Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan dili və ədəbiyyat ixtisasını seçənlərin sayında artım müşahidə olunur. Nazir qeyd edib ki, bu ixtisas üzrə orta qəbul balı 410-dan 490-a yüksəlib. O həmçinin vurğulayıb ki, prioritet müəllimlik ixtisasına qəbul ballarının artırılması və bununla da savadlı kadrların yetişdirilməsinə daha geniş imkan yaradılmasıdır.

Sabiq təhsil naziri Firudin Cəlilov mövzu ilə bağlı Sherg.az-a danışıb:

"Elm və Təhsil naziri Emin Əmrullayevin dediyi çıxış yolu deyil. Yaxşı, səviyyəli məzun hazırlamaq üçün pedaqoji akademiya yaratmaq lazımdır. Bu akademiyada uşaq bağçasından başlayaraq ali məktəblərə qədər bütün səviyyələr üzrə fənlər tədris olunmalıdır. Pedaqoqlar məhz həmin akademiyada hazırlanmalıdır. Orada tətbiq olunacaq tədris proqramları isə digər institutlarda mövcud olan proqramlardan fərqli olmalıdır".

Sabiq nazir vəzifədə olarkən yaratmaq istədiyi pedaqoji akademiyanın xüsusu ilə bu gün gənc mütəxəssislərin yetişdirilməsi üçün daha vacib olduğunu söyləyib:

"1992-ci ildə pedaqoji akademiya yaratmaq üçün APİ Lenin adına institutunu əsas götürərək respublikada fəaliyyət göstərən bütün texnikum və universitetləri bir çatı altında birləşdirib vahid pedaqoji akademiya formalaşdırmaq istəyirdim. Həm proqram, həm də sxem hazır idi. Mən bunu prezidentə təqdim etdim və onun razılığını aldım. Lakin prezident yanında çalışan, bu işə cavabdeh olan şəxslər, xüsusilə Rafiq İsmayılov prosesi ləngitdilər. Vaxt uzadıldı, hakimiyyət dəyişdi və layihə yarımçıq qaldı. Bu gün isə yaxşı müəllim hazırlamaq üçün mütləq pedaqoji akademiyanın yaradılması zəruridir. Orada pedaqoqlar, psixoloqlar, sosioloqlar dərs deməlidir, xüsusi proqramlar hazırlanmalıdır. Bunun başqa yolu yoxdur".