DİN nəqliyyat sistemini dirçəldəcək! – “Resurs və mütəxəssisləri var”

“DİN-in tabeliyində paytaxtda hərəkətin tənzimlənməsi, yolların daha təhlükəsiz olması təmin ediləcək”



Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC Daxili İşlər Nazirlyinin tabeliyinə verilib. Bununla bağlı fevralın 7-də Prezident İlham Əliyev fərman imzalayıb. "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında qeyd edilib:

“Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin edilməlidir”.

Bu mərkəzin DİN-in tabeliyinə verilməsinə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a bildirib ki, artıq sistemin fəaliyyətində dəyişiklik görəcəyik:

“"Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi" keçmiş Nəqliyyat nazirliyinin tabeliyində yaradılıb. Qurumdan çox böyük gözləntilərimiz var idi. Təhlükəsiz yolların təmin edilməsi, qəzaların, tıxacların aradan qaldırılması üçün mühüm tədbirlərin görüləcəyinə ümid bəslənirdi. Lakin bu mərkəz gözləntiləri doğrultmadı. Daha sonra sistem BNA-nın nəzarətinə verildi. Onlar sistemi işlək vəziyyətə gətirməyə çalışdılar. Təəssüf ki, sistem tam gücüylə çalışa bilmədi. DİN-in tabeliyinə verilməsi müsbət addımdır. Çünki nazirliyin bu sistemi dirçəltmək üçün resursları və mütəxəssisləri var. DİN-in tabeliyində paytaxtda hərəkətin tənzimlənməsi, yolların daha təhlükəsiz olması təmin ediləcək”.

Xanlar ƏLİBƏY