Bakıda orijinal eksperiment baş tutdu: Xalqımız dürüst və vicdanlıdır



Həyətinin yumurtasını küçədə nəzarətsiz satışa çıxardı, gözləntilər özünü doğrultdu

Sosial mediada "Sadiq oglu" adlı feysbuk istifadəçisi çox maraqlı bir paylaşım edib. Onun diqqət yönəltdiyi məsələ istifadəçilərin böyük marağına səbəb olub. O, küçədən bir foto paylaşaraq yazıb: 
"Belə qərara gəldik ki, öz təsərrüfatımızda istehsal etdiyimiz yumurtaların satışını küçədə heç kim nəzarət etmədən həyata keçirək. Çoxları buna ironiya ilə yanaşdı. Ancaq biz heç də yanılmadıq. Doğurdan da, bizim millətimiz çox dürüst və bütün xalqlardan vicdanlıdır. Özünəxidmət formasında keçirilən satış özünü tam doğrultdu. Qutuda 84 manat 80 qəpik əvəzinə 85 AZN pul var idi. Satışımız bu üsulda da davam edəcək. Bir sözlə, Azərbaycan xalqına eşq olsun". 
Qeyd edək ki, hadisə Sabunçu rayonunun Albalı yaşayış massivində yaşanıb.
Bu qeydlərdən sonra izləyicilər fərqli rəylər bildiriblər. Onlardan bir neçəsinə nəzər yetirək:
Aftandil Mamedov: "Bizdə sadə vətəndaşlar dürüstdür, yəni orta və kasıb təbəqənin gözü toxdur, təəssüf ki, məmur təbəqəsi oğrudur, qul haqqı yeyəndir" - deyə qeyd edib. 

Başqa bir şəxs - Səməd Mahmudoğlu "bu mədəniyyətin və tərbiyyənin ən təsirli metodudur" yazaraq fikirlərini şərh bölümündə diqqətə çatdırıb:

"Hələ 1974-76-cı illərdə Almaniyada hərbi xidmətdə olanda fermerin kəndin ortasına bitonlarda süd qoyub, getdiyinə şahidlik etdim. Sonra insanlar bir-bir gəlib, istədikləri qədər südü qablara doldurub, pulunu qoyublar. Sonra binanın blokuna yeşiklərlə şüşə butulkalarda qatıq qoyurdular. Mənzilindən çıxan adamlar qatıqdan götürüb, yerinə də pul qoyurdular. O vaxt almanların öz pulları olan "Marka"ları var idi".
Digər istifadəçi Rövşən Şiralıyev: 

"Bizim küçədə imkansız bir uşaq gül yeşiyi düzəldib, yanına da qutu qoyub. Qəbir üstünə gedənlər gülü götürüb, pulu qutuya atırlar. Bir neçə dəfə "xəyanətkar" ifşa olunub".

Qiyas Məsimov isə yaxınlıqda neçə kamera var idi? - deyə yazıb:

"Kimdi 20 qəpiklik yumurtanı oğurlayıb, başına bəla açan?".
 Həmin izləyicinin sualına cavab olaraq paylaşım sahibi satış yerində heç bir kamera yoxdur - deyə reaksiya verib. 
Beləliklə, vətəndaşın paylaşımının rəylərindən aydın olur ki, hər kəs bu addımı bəyənib. Digər ölkələrdəki bunabənzər təşəbbüsü azərbaycanlıların öz nümayəndələrinə göstərməsi dəstəklənib.  

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, qida istehsalı, satışı, saxlanması, daşınması ilə məşğul olan hər bir şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır:

 "AQTA-nın mütəxəssisləri istehsalçının başlatdığı zənciri istehlakçıya çatdırılana kimi izləyir. Agentlikdə qeydiyyatı olduqdan sonra heç kəs ona müdaxilə edə bilməz. Malını rahat şəkildə sata bilər. İstehsalçıya sənəd də təqdim olunur. Əgər AQTA şəbəkəyə razılıq veribsə, onda bu formada satış dəstəklənər. Dünyanın çox az milləti Azərbaycan xalqı kimi diqqətcildir. Bu da bizə müsəlmançılıqdan gəlir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində və İranda namaz vaxtı hər kəs maşınların qapılarını açıq qoyur, açar da üstündə. Heç kim ona toxunmur. Dünyanın son dövrü kommunizm prinsipləri islam adı altında bərqərar olacaq. Heç kim başqasının malına dəyməyəcək, ordular olmayacaq".

AİB rəhbəri vurğulayıb ki, əgər həyətindəki satışın reallaşmasına AQTA baxış keçirərək gigiyenik tələblərin ödənilməsinə diqqət yetiribsə, problem yaranması qeyri-mümkündür:

 "Agentliyin rəyi və sertifikatı yoxdursa, əlbəttə, belə malların satışı istehlakçıların həyatında təhlükə doğura bilər. Hər şey qaydasındadırsa, bu cür satış üsulunun gerçəkləşdirilməsini alqışlayıram. Belə hallar xalqın bir-birinə inamının artmasına gətirib çıxarır. AQTA-nın bütün prinsiplərinə əməl olunarsa, bu, yaxşı addımdır".