Mükəmməl sistem gəlir


Vətəndaşların problemlərinə sürətli reaksiya veriləcək

Çağrı Mərkəzi həm də dövlət orqanlarının işləməsinin göstəricilərini də müəyyənləşdirə bilən parametr olacaq

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin Çağrı Mərkəzi istifadəyə verilib.
Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər.
Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır.

Yeni istifadəyə verilən mərkəz vətəndaşlara hansı imkanlar yaradacaq?

Bu barədə “Şərq”ə danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, bu mərkəz dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində bizim alətlərimizdən birinə çevriləcək.

 Onun sözlərinə görə, vətəndaşlarımızın birbaşa Prezident Administrasiyası ilə kommunikasiya yaratmaq imkanı olacaq. 

“Əvvəllər bu fəaliyyəti genişmiqyaslı şəkildə həyata keçirmək mümkün deyildi. İndi isə yeni, innovativ alətlər tətbiq olunur. Bu, operativliyi və əks-əlaqə sistemini daha da gücləndirəcək. Daxil olan müraciətlər, şikayətlər sürətli şəkildə müvafiq strukturlara ötürüləcək. 

Eyni zamanda vətəndaşların müraciətlərlə bağlı konstitusion hüquqlarının reallaşdırılmasına daha geniş təminatlar verəcək. Bununla yanaşı digər alətlər də qalacaqdır. Yəni vətəndaşlarımız müxtəlif alternativlər vasitəsilə öz  problemlərini çatdırmaq imkanına malik olacaqlar. 

Bu həm də dövlət orqanlarının işləməsinin göstəricilərini də müəyyənləşdirə bilən parametr olacaq. Çünki vətəndaş müraciətləri adətən hər hansı dövlət orqanının işinin təkmilləşdirilməsi və ya pozulmuş hüququn bərpası ilə bağlı olur”.

Hüquqşünas eyni zamanda qeyd edib ki, bu addım dövlət orqanlarına inam və etimadın gücləndirilməsinə də əlavə impulslar verəcəkdir. 

“Kommunikasiyanın qurulması birbaşa vətəndaşların dövlət orqanları və vəzifəli şəxslərə etimadını gücləndirir. Həmçinin dövlət qurumlarının və məmurların məsuliyyət və cavabdehliyi də artacaq. Çünki onların fəaliyyəti ilə bağlı müraciətlərə daha sürətli və yüksək səviyyədə baxılacaq. Əsas məqamlardan biri də odur ki, cəmiyyət bu məsələlərlə bağlı mütəmadi olaraq məlumatlandırılacaq. 

Bütövlükdə ölkədə vəziyyətin dinamikasını birbaşa vətəndaşdan məlumat almaqla müəyyənləşdirmək mümkün olacaq. Daxil olan məlumatlar emal olunacaq və bütövlükdə problemlərin nədən ibarət olması ilə bağlı təhlillərə gətirib çıxaracaq. 

Bu sayədə böyük data baza yaranacaq. Həmin məlumat bazası hökumət tərəfindən mühüm qərarların qəbul olunması prosesinə təsir göstərəcək. Hansı sektorda və ya hansı rayonlarda problem var və nədən ibarətdir. Bu barədə elektron xəritə də yaradıla bilər. Nəticə etibarilə daha keyfiyyətli və vətəndaşa ünvanlanan qərarlar qəbul oluna bilər. 

 Əlavə olaraq bu, vətəndaş iştirakçılığı və ictimai nəzarətin gücləndirilməsi üçün yeni imkanlar yaradacaq, vətəndaşların şikayətlərlə yanaşı təkliflər vermək imkanları da olacaq”.