Son zamanlar qəribə tendensiya yaşanır. "Azərişıq", "Azərsu" və "Azəriqaz" ASC-lərinin əməkdaşlarının döyülməsi kimi xəbərlər sayt və qəzet manşetlərini "bəzəyidir".
Elə bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Vəliyev Ağamirzə Muradxan oğlu xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.
Aprelin 5-də saat 16.30 radələrində "Azəriqaz" İstehsalat Birliyində ( İB ) çilingər vəzifəsində işləyən Bakı şəhər sakini Ağamirzə Vəliyev döyülməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci PB-yə müraciət edib.
O, Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə bildirib. Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb.
Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyyəsindən 2 dəfə baş zərbəsi endirib. Nəticədə A.Vəliyev yerə yıxılaraq baş nəhiyyəsindən xəsarət alıb. O, hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib.
A.Vəliyevi döyüb bədən xəsarəti yetirən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci və 263.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi RPİ əməkdaşları tərəfindən saxlanılaraq İstintaq şöbəsinə təhvil verilib və barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilib.
Ardıcıl yaşanan hadisələr, əhalinin sözügedən qurumların əməkdaşlarına hücumu nədən qaynaqlanır?
"Sherg.az"ın sualını cavablandıran Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlının sözlərinə görə, son vaxtlar kommunal xidmətlərdə və əsas tələbat məhsullarının qiymətindəki bahalaşma əhalinin sosial vəziyyətini ağırlaşdırıb və əsəbləri gərginləşdirib:
"Belə aqressiv hərəkətlər yaşanır və hətta fiziki zorakılığa qədər gətirib çıxarır. Əlbəttə, nə "Azəriqaz", nə "Azərsu", nə də "Azər işıq" əməkdaşlarının günahı var, onlar öz vəzifə borclarını yerinə yetirirlər. Gəlib vətəndaşdan rüşvət istəmirlər ki?
Sayğaca baxmaq, müvafiq cihazları yoxlamaq onların vəzifəsidir. İdarənin təlimatı və tapşırğı əsasında gerçəkləşdirirlər. Vətəndaşlar səbirli davranmalı, əgər qanunsuz hərəkətlər varsa, etiraz və ya yuxarı orqanlara şikayət edə bilər".
E.Bayramlı "Azəriqaz" əməkdaşına qarşı hücum və böyük səs-küy yaratmış fiziki zorakılığı qınayır:
"Bir insana qarşı belə hərəkət heç insani, əxlaqi, hüquqi normaya sığmır. Əgər vətəndaşın bu sistemlərlə, cihazlarla bağlı hər hansı problemi varsa, müvafiq idarələrin rəhbərliyinə müraciət etməlidir, onlar baxmasa daha yuxarı orqanlara, yenə reaksiya olmasa onda məsələni mediada ictimailəşdirməkə problemin həllinə qovuşmaq mümkündür.
Ümumiyyətlə, ölkədə, sosial vəziyyətin ağırlaşmasına, əhalinin aqressiv ruhda formalaşdıran məsələlər aradan qaldırılmalıdır. Əvvəlcə maaş və pensiyalar artırılmalı, sosial müdafiə gücləndirilməlidir.
Dövlət idarələri vətəndaşların şikayətlərinə vaxtında və düzgün baxmalı, müvafiq tədbir görməlidirlər. Əgər bu olmasa, sözügedən hallarla çox qarşılaşacağıq".