Hər kəs Ramazan ayında daha çox savab iş görməlidir

Oruc insanlarda sevgi, mərhəmət, qayğı hisslərini daha da gücləndirir

“Oruc yalnız mədə ilə deyil, sözlə, əməllə və fikirlə də tutulmalıdır”. Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, orucun müsəlmanlara vacib edilməsinin bir neçə mühüm səbəbi var: “Hər birimiz Ramazan ayında daha çox savab iş görməli, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmalıyıq. Oruc insanlarda sevgi, mərhəmət, qayğı hisslərini daha da gücləndirir. Nəfsi tərbiyə və islah edir. Müsəlman mərhəmətli, səbrli, dözümlü və əzmkar olmalıdır. 

Oruc tutan insan qeybətdən, söz aparıb gətirməkdən, sui-zənndən və pis fikirlərdən də uzaq olmalıdır. Yalnız mədə ilə oruc tutmaq yetərli deyil. Orucun əsas məqsədlərindən biri də insanları günah əməllərdən çəkindirməkdir. Oruc vacib buyurulmamışdan öncə müsəlmanlara oruc tutmaqda sərbəstlik verilmişdi. Onlar hər ay 3 gün oruclu olurdular. İmkanı olan tutur, olmayan isə ehtiyaclı insanlara yardım edirdi. Məhəmməd Peyğəmbər Mədinəyə hicrətdən sonra hər Aşura günü oruc tuturdu. Sonra orucla bağlı Quran ayələri nazil oldu və oruc tutmağa gücü çatan bütün müsəlmanlara bu ibadət vacib edildi. Allah möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə edir”. 

C.Məmmədov qeyd edib ki, oruc təmiz niyyətlə və sırf Allaha ibadət məqsədilə tutulmalıdır: 

“Yalnız arıqlamaq və insanlara oruc tutduğunu göstərmək niyyətilə oruc tutmaq məqbul sayılmır. Oruc insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa imkansız insanların yaşadığı anları yaşayır, aclığın dadını dadır və bu insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir. İnsan ona verilən nemətlərə görə Allaha şükür etməlidir. Ramazan ayı istisna olmaqla, digər aylarda insan həqiqi aclığı tam yaşamadığı üçün ona verilən nemətlərin dəyər və qiymətini bilmir”. 

Parlament üzvünün sözlərinə görə, orucun insan sağlamlığına da bir sıra müsbət təsirləri var: 

“Mütəxəssislər il boyu dincəlmədən çalışan mədəyə istirahətin verilməsinin orqanizm üçün faydalı olduğunu, orucun qəlb, damar, şəkər xəstəliklərinə müsbət təsir göstərdiyini bildirirlər. Məhəmməd Peyğəmbər orucun insan sağlamlığına müsbət təsirlərini müsəlmanlara çatdırmaq məqsədilə buyurub ki, “Oruc tutun ki, sağlam olasınız”. Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir”.