Azərbaycanda boşanmaların əksəriyyəti çox ağır düşmənçiliklə nəticələnir
Ötən gün Bakıda qətl hadisəsi törədilib. Kişi keçmiş həyat yoldaşını, sonra özünü güllələyib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata əsasən, Misli Xəlilovanı keçmiş əri Rasim Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq öldürüb. Daha sonra isə ər özünə atəş açaraq intihar edib.
Psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə açıqlamasında bildirib ki, bu gün təkcə ailədaxili münaqişələr zamanı yox, cəmiyyətin bütün sahələrində aqressiyalara şahid oluruq:
"İnsanlar daxili və xarici aqressiyadan əziyyət çəkirlər. Buna görə də belə cinayət hallarına rast gəlinir. Hadisənin müxtəlif səbəbləri ola bilər. Sosial-iqtisadi problemləri, insanların mənəvi aclığı, bir-birinə qarşı qoyduğu tələbləri, məsuliyyətsizlikləri, sosial şəbəkələri qətl hadisələrinə nümunə göstərə bilərik. İstər yerli, istərsə də xarici mətbuatda bu kimi analoji olaylar baş verəndə müəyyən kütlə var ki, bunu qəhrəmanlıq hesab edir. İlk vaxtlar Türkiyədə, yaxud da digər ölkələrdə belə cinayətlər eşidəndə cəmiyyətə çox qəribə gəlirdi. İndi isə getdikcə orada o qədər yayılıb və canilərə tərəfkeş çıxanlar olub ki, həmin qatili igid zənn edirlər. Artıq bu, cəmiyyətimizə də yansımağa başlayıb".
Psixoloq Elmir Əkbər də əlavə edib ki, belə halların sayı təəssüf ki, artmaqda davam edir:
"Ən əsas səbəblərindən biri əlbəttə ki, karantin, COVİD-19 pandemiyasından sonra yaranmış psixoloji problemlərdir. Ümumiyyətlə, belə cinayətlərin artmağının səbəbkarı həmçinin bu suçu törədənlərin yaxın çevrəsidir. Təbii ki, kişi də, onun öldürdüyü qadın da günahkardır. Kişi əgər onu güllələyibsə, deməli, onun problemləri dünən yaranmayıb. O şəxs əvvəldən problemli olub. İlk olaraq onların necə ailə qurduğuna baxmaq lazımdır. Axı ailələr həmişə sağlam əsaslarla qurulmur. Bünövrəsi zəif olan ailələrdə konfliktlər yaranır. Münaqişələrin davamlı olduğunu görəndə psixoterapiya seanslarına gəlsələr, bir çoxu problemlərinə çıxış yolu tapa bilər. Bəzən seanslarda görürük ki, çox böyük problemlərin çox xırda psixoloji səbəbləri olur. Bu da aradan qaldırılandan sonra hər şey öz nizamına düşür.
Onlar isə cəhaləti seçirlər. Nəticədə də həmin cahilliyin qurbanına çevrilirlər. Bu tərz cinayətləri törədən insanlar adətən antisosial şəxsiyyət pozuntusundan əziyyət çəkən pasientlərdir. Vaxtında müalicə almırlar. Nəticədə də belə faciələrin sayı artır. Ən böyük zərbəni də təbii ki, həmişə uşaqlar alırlar.
E.Əkbər vurğulayıb ki, insanlar ayrılmağı, boşanmağı da doğru tərzdə bacarmalıdır:
"Burada həm sağlam düşüncənin, həm tərbiyənin, həm də mənəviyyatın rolu var. Psixikası yerində olmayan insan normal ayrıla da bilmir. Beləliklə, çox ağır düşmənçiliklərə gətirib, çıxarır. Bütün yaşanılan problemlərin əsası əhalimizin böyük əksəriyyətinin psixologiyadan uzaq olmasıdır.
İlk növbədə övladlarını düşünməlidirlər. Bir-biriləri ilə düşmənçilik etməli deyillər. Vacib məqam isə vaxtında psixoterapiya seanslarının götürülməsidir".