" "Bizim yol" qəzetinin 6 aprel tarixli məqaləsindən sonra Azad İstehlakçılar Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) ictimai şurasında "razborkaya" dəvət olundu. İctimai Şuranın saat 16.00-da başlayan iclası 1 saat 40 dəqiqə davam etdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O, aparılan müzakirələrlə bağlı fikirlərini belə ifadə edib:
"Toplantıda Şuranın bir neçə üzvü , AQTA-nın sədr müavini Rəşad Mafusov, aparat rəhbəri Elxan Mikayılov və bir neçə idarə nümayəndələri var idi. Mövzu həmin məqalədə vurğulanan məsələlər və GMO əleyhinə ictimai çıxışlarım oldu. Sözügedən istiqamətdə mübahisələr baş verdi. Yığıncaqda cəmiyyət üçün əhəmiyyətsiz, yalnız ictimai təşkilat sədrinə hücumlar, mənasız suallar, onu apardığı işdən geri çəkilmək fikirləri söylənildi.
Dəfələrlə "nə istəyirsiz onu edin" söylədim. Yanımda kompüter yox idi, hazırlıqsız getmişdim. Sübut etməliydim ki, GMO ilə quşlar, heyvanlar yemlənərsə, insan orqanizminə zərər dəyər. Aparat rəhbəri qarşısındakı kompüterdən cürbəcür mənbələrə əsasən nümunələr gətirdi. Həmin mənbələri soruşanda, heç bir nəticəyə gəlinmədi, susdurmağa çalışdılar. Sədr müavini R.Mafusov iclasda dedi ki, Eyyub Hüseynov bizə GMO ilə qidalanan heyvanların ətindən və südündən insanların zərər çəkəcəyini isbatlaması üçün toplaşdıq, lakin bunu həyata keçirə bilmədi. Doğrudan da, bacarmadım. Laboratoriyasız, elə bir şəraitdə təsdiqlədə bilməzdim. Kosmosda Ayın üzərində hansısa nöqtəni axtarmağa bərabər idi".
E.Hüseynovun sözlərinə görə, iclasın gedişində aparat rəhbəri özü " Yer üzündə əkilən soyaların 98 faizə qədəri genetik GMO-dur" deyə etiraf etdi:
"GMO əkinçiliyinin, toxumçuluğunun ölkəmizdə yayılmasına qarşı cənab prezidentin əhəmiyyətli fərmanları mövcuddur. Lakin Azərbaycan 153 ölkənin etdiyi GMO-nun izlənməsinə dair "Kartagen protokolu"nu ratifikasiyalaşdırsa da, həmçinin BMT-nin ətraf mühitin qorunmasına dair konvesiyasına qoşulsa da, ölkəmizdə soyanın əkildiyini dilə gətirdim. Deyirlər, dünyada 2 faiz GMO-suz soya var. Sual verdim, məgər, bütün Yer üzündən Azərbaycana 2 faiz gətirilib? AQTA nümayəndələri "onda quşçuluq, heyvanlıq təsərrüfatlarını yemsiz qoyaq, aclıq başlasın" dedi. Mənasız, elmi əsassız toplantı keçirildi. Yenə mövqeyimi bildirdim, GMO-nun əleyhinəyəm. 25 ildir, AİB istehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın üzvüdür. İllər ərzində bir dəfə belə Azərbaycanda istehlakçı hüquqlarının qorunması haqda, GMO barədə mənfi xarakterli hesabat verməmişəm. Gözəl, unikal Azərbaycanımızı aşağılamaq istəməmişəm. Hökumətin belə yanaşması bizi daha yuxarı orqanlara müraciət ünvanlamağa sövq edir".