"Gecə klubunda baş verən dəhşətli partlayış hadisəsi propan qaz balonlarının nə qədər təhlükəli olduğunu bir daha göstərir".
Bu sözləri "Sherg.az"a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
Onun sözlərinə görə baş verən hadisədən sonra ictimai-iaşə obyektlərində, kafə və restoranlardan propan qaz balonlarının yığılması üçün əlaqədar qurumlar reydlər keçirirlər:
"Sahibkarlara qaz balonlarının obyetklərdən kənarlaşdırılması xəbərdarlığı söylənilir. Qanunla qaz balonlarının ictimai-iaşə obyektlərində istifadəsi qadağandır. Lakin qaz balonlarını kim, necə və hara kənarlaşdıracaq? Heç bir dövlət qurumuna balonları obyektlərdən aparmaq dan ötrü səlahiyyət verilməyib. Nə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin nə "Azəriqaz" İstehsalat Birliyi , nə də Energetika Nazirliyinin səlahiyyəti var. Daşınması üçün xüsusi maşınlarda və özəl ayrılmış yerə, poliqona çatdırılmalıdır. İstifadəyə yararsız qaz balonlarının utilizasiyası olmalıdır.
Qaz balonlarının doldurulması, daşınması, ünvanlarda quraşdırılması və onlara texniki qulluğun göstərilməsinə hansı qurum nəzarət edir?".
Ekspert bildirib ki, insanlar rahatlıqla yanacaqdoldurma məntəqələrindən bolonları şəxsi maşınla ilə gedib doldurur və daşıyır:
"Hansısa qurum obyektlərdən yığışdırıb götürsə, hara aparacaq? Harada saxlayacaq? Necə utilizasiya edəcək? İşlərin həyata keçirilməsi üçün qanun layihəsinin qəbulu və mövcud qanunvericilikdə əlavə və dəyişikliklərə ehtiyac var. Qanun layihəsində işləri görəcək qurum göstərilib ona səlahiyyətlər verilməlidir. Bu gün isə qaz balonlarını obyektdən kənarlaşdırmaq vətəndaşın ixtiyarına qalıb. Vətəndaş da qaz balonunu öz şəxsi maşınına qoyub (qanunla qadağandır belə daşımaq) aparır ya evinə , ya həyətində, ya da obyektin çölündə saxlayır. Təhlükə yenə sovuşmur. Ən yaxşı halda yenə də yararlanacaqlar, sonda aşkar nəticəsində fiziki şəxslər cəmi 30 manat cəriməylə canını qurtaracaq".
Qeyd edək ki, aprelin 3-də Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, “Location club”da gecə saatlarında baş verən partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində baş verib. "Azəriqaz" İB-in yaydığı məlumata əsasən, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkarlanıb.