Vaxtından əvvəl kapitan rütbəsi alan Rafiq Hüseynov: “Mənə yeni vəzifə də verilib”

“Müdafiə Nazirliyinin məni qəbul edəcəyini sentyabrda keçiriləcək Serbiyadakı dünya çempionatından sonra gözləyirdim. Çünki bildiyiniz kimi, hazırda nazirliyin işi çox gərgindir və mən də bunu anlayışla qəbul edirdim. Amma Avropa çempionatından sonra qəbul edilməyim məni təəccübləndirdi”.

Bunu Oxu.Az-a yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov deyib.

Dünən müdafiə nazirinin I müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Mərkəzi Ordu İdman Klubunun (MOİK) baş leytenantı Rafiq Hüseynovla görüşüb. Baş Qərargah rəisi 33 yaşlı idmançıya vaxtından əvvəl kapitan rütbəsini verib.

Rafiq Hüseynov bu barədə fikirlərini bildirib:

“Məni cənab nazir Zakir Həsənov qəbul etməliydi. Ancaq o, Müşavirədə olduğu üçün Baş Qərargah rəisi Kərim Vəliyevin qəbulunda oldum. O da mənə cənab nazirin adından vaxtından əvvəl kapitan rütbəsini verdi. Sevinirəm ki, işimə böyük dəyər verilir”.

İdmançımız bildirib ki, ona rütbəsinə uyğun olaraq yeni vəzifə də verilib:

“Mən bunadək MOİK-in baş leytenantı idim. Kapitan rütbəsinə uyğun olaraq mənə yeni vəzifə də verilib. İnşallah, bunu mənə yaxın günlərdə deyəcəklər. Baş Qərargah rəisi mənə dedi ki, kapitanlıqdan da yuxarı rütbələrə qalxmalı və daha da irəli getməliyəm. Çünki biz idmançılar Orduda idmanın yüksəlişi üçün işlər görürük və bütün bu işlər də cənab nazirin nəzarəti altında həyata keçirilir”.