“Bandotdel” əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçiriblər.

Daxil olan əməliyyat məlumatı əsasında Bakı və Sumqayıt şəhərləri, eləcə də Qəbələ rayonunda keçirilən tədbirlər zamanı Elvin Kərimov, Rüstəm Kərimov, Akif Abzərov, Vüsal Cəfərov və Aslan Hüseynov tutulublar.

Elvin Kərimovdan bir ədəd “TT” markalı tapança, səkkiz ədəd patron, bir ədəd daraq, Rüstəm Kərimovdan isə iki ədəd müvafiq sənədləri olmayan “TOZ” və “İJ” markalı tüfəng, həmin silahlara məxsus 43 ədəd patron aşkar edilib. Sumqayıt şəhərində keçirilən tədbir zamanı saxlanılan  Aslan Hüseynovdan bir ədəd “Naqan” markalı tapança və iki ədəd patron aşkar olunaraq götürülüb.

Həyata keçirilən əməliyyatlar zamanı saxlanılan Akif Abzərovdan isə “Brauning” konstruksiyalı tapança, doqquz ədəd patron, bir ədəd daraq, Vüsal Cəfərovdan isə bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 27 ədəd patron aşkar olunub.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.