Kadrı xaricə göndərəndə, o, geri dönüş etdikdə bütün ehtiyacları qarşılanmalıdır
Azərbaycandan 50 tələbə kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq üçün bu ilin sentyabr ayında İsrailə gedəcək.
Bu sözləri Kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
İsrailli həmkarı ilə birlikdə həmin tələbələrlə görüşdüyünü vurğulayan nazir hesab edir ki, bizim gənc mütəxəssislərimizin həm İsraildə, həm Türkiyədə və digər ölkələrdə öz təhsillərini davam etmələri və təcrübə qazanmaları aqrar sahənin inkişafına dəstək olacaq.
Qeyd edək ki, ekspertlər zaman-zaman ölkəmizdə aqrar sahə üzrə ixtisaslı kadr çatışmazlığı olduğunu qeyd edirlər. Bəs, tələbələrin kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq üçün xarici ölkələrə göndərilməsi bu sahədə bir canlanma yarada bilər?
İqtisadçı-ekspert Rauf Qarayev isə məsələyə fərqli aspektdən yanaşıb. Bu barədə “Şərq”ə açıqlama verən ekspertin sözlərinə görə, sovet sisteminin vaxtında Azərbaycanın kənd təsərrüfatı sahəsində kifayət qədər təcrübəli və peşəkar kadr potensialı vardı: “SSRİ-yə daxil olan 15 ölkədə intellektual səviyyəsi ilə özünü təsdiq etmiş kənd təsərrüfatı mütəxəssisləri, alimlərimiz olub: “Nümunə olaraq ailəvi tanıdığım mərhum akademik Firuz Məlikovu qeyd edə bilərəm. Onun adına Göygöldə Elmi Tədqiqat İnstitutu da var. Sıravi bir ailədən olan bu alimin arxasında nüfuz sahibi olan “day-day”ı yox idi. O öz zəkası hesabına SSRİ Lenin Adına Kənd Təsərrüfatı Akademiyasının həqiqi üzvü olmuşdu. Bu qəbildən olan digər alimlərimizi də qeyd etmək olar. Yəni ölkədə heyvandarlıq, bitkiçilik üzrə kifayət qədər peşəkar kadrlar yetişirdi.
O vaxtlar təcrübə keçmək üçün baza da mövcud idi. İstənilən alim gedib hansısa bir kolxozda öz kəşfini sınaqdan keçirə bilirdi. Dövlət tərəfindən də bu cür layihələrin həyata keçirilməsi üçün xüsusi vəsait ayrılırdı”.
SSRİ dövründə peşəkar mütəxəssisin yetişməsi üçün bünövrə olduğunu vurğulayan iqtisadçı onu da qeyd edib ki, durğunluq SSRİ dağılandan sonra olub: "Artıq təcrübə keçmək üçün sınaq yerləri yox idi. Kənd təsərrüfatı sahəsində elm adamları əvvəlki kimi öz təcrübələrini keçirə bilmirdi. Dövlət tərəfindən də, yardımlar demək olar ki, yox idi. Kim nə edirdisə, öz gücünə etməli idi. Bu baxımdan kadr kasadlığı yaranmağa başladı. Hətta deyərdim ki, baytar, aqronom olmaq aşağı səviyyəli ixtisas sayılırdı. Çox adam cəhd belə etmirdi ki, gedib bu sahədə təhsil alsın. Kəndli öz təcrübəsinə əsaslanaraq işini qururdu”.
Ekspertin fikrincə, zəncirin müstəqilliyə keçid dövründə qırılmasının hələ də fəsadlarını görürük. Amma artıq müasir kənd təsərrüfatı, müasir biliklər tələb edir. Yəni xarici texnologiyaların tətbiqi, su qıtlığını aradan qaldırmaq üçün mexanizmlərdən istifadə, havanın zəhərlənməsi bitkini təbii yolla yetişdirmək mümkün olmadığından, dərman komponentlərini də aqronom bilməlidir: “Zooloq da heyvandarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirməlidir. Müasir dövrdə artıq ölkədə ən tələbatlı kadr aqrar sahə üzrə yüksək ixtisaslı kadr sayılır. Yəni kadr təhsildən əlavə, təcrübə kurslarına da gedib öz biliyini inkişaf etdirməlidir. Xarici dil biliyi olmalıdır ki, müasir dövrlə ayaqlaşa bilsin. Azərbaycanın özündə Kənd Təsərrüfatı Nazirliyində idarəçilik baxımından kadr kasadlığı var. Bunu Moldovodan gələn nazirin qeydində gördük. O, məsləhət üçün bizim aqrar sahə üzrə nazirliyi qeyd edərək dedi ki, hər şeyin başında bilik və daimi onun üzərində işləmək dayanır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim aqrar sahə üzrə nazirlikdə kənar və vəzifələrinə uyğun olmayan kadrlar var. Bundan əlavə yerli kadrların biliyinə güvən prinsipi yoxdur. Nəticədə idarəçilik heyəti məcbur qalıb kənarda işçi axtarır. Halbuki, xaricə göndərilən kadrları özümüz də yetişdirə bilərik. Bir vaxtlar Aqrar Universitet bu istiqamətdə müəyyən işlər görməyə başlamışdı. Sonra nəsə baş verdi, yenə əvvəlki vəziyyətə qayıtdılar. İndi isə nazirlik hesab edir ki, İsrailə göndərilən kadrlar effekt verəcək. Tam olaraq mən hesab etmirəm ki, səbəb odur ki, əvvəllər də xaricə oxumağa gedən tələbələr olub, geri dönüş etmək istəməyiblər. Aldıqları biliyin müqabilində geri dönüşdə, perspektiv görmürlər. Kadrı xaricə göndərəndə, o, geri dönüş etdikdə bütün ehtiyacları qarşılanmalıdır. Yoxsa get oxu, gəl, mənə 5 il işlə. Çünki mən sənə pul ayırıb xarici ölkəyə göndərmişəmlə iş bitmir. Gərək geri dönən şəxs, geri dönəcəyi halda o müsbəti görsün ki, qayıdanda istəklə çalışsın. Gələcəkdə də digər ölkələrlə daimi əlaqələrin qurulmasında və bunun üçün iş görülməsində dövlətin yükünü azaltsın”.