“Yaxşı olardı ki, media intihar xəbərini xüsusi qabartmasın” - “Verter” effekti verir



“Bu bir klassik yanaşmadır ki, bir hadisə haqqında nə qədər çox danışılırsa, o qədər də çox baş vermə ehtimalı olur”

“Ona görə deyirik ki, bu xəbərləri xüsusi vurğulamaq yox, "intihardan qurtulmaq üçün alternativ yol nədir? " kimi təqdim etmək lazımdır” 



Son xəbərlərə nəzər yetirsək görərik ki, intihar hallarında yenidən intensivləşmə yaranıb. Dünən  ölkədə 5 intihar faktı qeydə alınıb.
Sabunçu rayonu, Ramana qəsəbəsində 64 yaşlı Cilovxan Hacı oğlu Quliyev, həmin qəsəbədə 38 yaşlıƏmiraslanova Təranə Şahin qızı, Yasamal rayonunda 49 yaşlı Naib Əlihüseyn oğlu Gülməmmədov, Şirvan şəhərində 17 yaşlı Elvin Azər oğlu Məmmədli, Ağsuda qəbiristanlıqda isə 39 yaşlı Rüfət Qismət oğlu Yusifli özlərini asaraq, həyatların son qoyublar.

Hər bir faktla bağlı yerli prokurorluq orqanlarında araşdırma aparılır.
Artan intihar halları ilə bağlı psixoloq Elnur Rüstəmov “Sherg.az”a danışıb. O, bildirib ki, son illərdə nəinki Azərbaycanda, bütün dünyada intihar hadisələri artan sürətlə baş verir:
“Bunun bir çox səbəbi var. Artıq klassik təsnifat da özünü doğrultmur. Bu gün intihar edənlərin arasında biz uşaqları, yeniyetmələrı, gəncləri, heç bir problemləri olmayan insanları görürük. Amma klassik təsnifatda deyirdilər ki, uzun müddət xəstəlikdən əziyyət çəkənlər, tənha şəxslər, psixiatrik problemi olan insanlar intihara meyilli olurlar. Bu gün görürük ki, intihar edənlərin arasında müxtəlif yaş qruplarından olan, heç bir problemi olmayan insanlara da rast gəlinir”.

Psixoloq intiharların baş vermə səəblərinə də toxunub. O, bununla bağlı fikirlərin müxtəlif olduğunu qeyd edib:

“ Bu gün stres faktoru, stresə davamsız insanlar çoxdur. Artıq informasiya ilə yüklənən insanlar da çoxdur. Bu informasiyalara internet oyunlarını, ailə daxili konfliktlərə səbəb olan digər məlumatları, neqativ informasiyaların alınmasını daxili edə bilərik. Bu informasiyalar özündə  emosiyalar daşıyır. Bunlar da birbaşa insanın psixologiyasına təsir edir. Stres, depressiya faktoru yaranır. Nəticədə insan özünə qapana bilir, affekt vəziyyətində ola bilir, situativ qərarlar verə bilir. Bunlar da intiharla nəticələnə bilər.
Eyni zamanda, zərərli vərdişlərdən əziyyət çəkən insanlar da çoxdur. Həmçinin, psixiatrik problemi olan insanlar da kifayət qədərdir. Biz psixiatrik problem deyərkən, bura tək şizofreniyanı aid etmirik. Affektiv pozuntudan əziyyət çəkən, "öfke kontrol" problemi olan, ağır depressiya yaşayan insanlar var. Bu kimi hallar da intiharın baş verməsinə səbəb olur. İntihar edənlərin bir qismi təkrar intihar edən insanlardır. İntihar etmiş insanların ailə üzvləri və yaxınları ilə ünsiyyətdə olsaq, görərik ki, onların bir qismi əvvəl də buna cəhd edib. Yaxud bu barədə hansısa siqnal ötürüblər. Düşünürəm ki, sadəcə bu məqamda həssas olmaq, qabaqlayıcı tədbirlər görmək lazımdır. Bununla müəyyən qədər qarşısını ala bilərik”.

İntihar xəbərləri artdıqca, insanlar buna səbəb olan müxtəlif amilləri səsləndirilər. Bəzilərinin fikrincə, mediada bu tip xəbərlərin işıqlandırılması insanların psixologiyasına təsir edir, onlarda buna maraq oyadır. Elnur Rüstəmov bildirib ki, bununla bağlı fikir ayrılıqları mövcuddur:

“Buna dair tədqiqat var. Qeyd olunur ki, mediada intihar xəbərləri paylaşılmamalıdır. Ən azından manşetə çıxmamalıdır. Əgər verilirsə də, intihar bir hadisə kimi yox, xəbər kimi yox, insanı uzaqlaşdırma fonunda verilməlidir. Məsələ burasındadır ki, burada fikir ayrılıqları var. Medianın özünə nəzarət etmək hansısa formada mümkündür.

Amma sosial mediaya nəzarət etmək çətindir. Bu gün medianın özü də o xəbəri sosial şəbəkədən götürür. Deyək ki, adam özünü binadan atır, bunu çəkib sosial şəbəkəyə qoyurlar. Onlar ki, jurnalist deyillər, vətəndaşdırlar. Ona görə bunu tənzimləmək çətindir.

Media yaxşı olardı ki, intihar xəbərini xüsusi qabartmasın. Çünki “Verter” effekti var. Bu bir klassik yanaşmadır ki, bir hadisə haqqında nə qədər çox danışılırsa, o qədər də çox baş vermə ehtimalı olur. Bununla bağlı araşdırma aparılıb. ABŞ-ın Nyu York ştatında  metroda intiharla həyatına son qoyan insan olur. Həmin ərəfədə media bunu işıqlandırır.

 Ortaya çıxır ki, iki həftə müddətində intihar edənlər sayı artıb. Sonra yavaş-yavaş bu hallar azalır. Bizdə də eyni şey baş verir. 

Fikir versəniz, bizdə intihar xəbəri manşetə çıxırsa, eyni yaş qrupunda 2 həftə -10 gün ərzində intihar hadisələri oxşar formada artır. Ona görə deyirik ki, bu xəbərləri xüsusi vurğulamaq yox, "intihardan qurtulmaq üçün alternativ yol nədir? " kimi təqdim etmək lazımdır. 

Bununla bağlı psixoloji maariflənmə, psixoloji profilaktika aparılmalıdır. Bunlar nə qədər çox olacaqsa, intihar sayı minimallaşacaq”.