Milli Məclis təklifləri nəzərə alacaq
“Hər il Qeyri-Hökumət Təşkilatları (QHT) ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə layihə təklifləri verilir”.
Bu sözləri Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib.
Onun sözlərinə görə, bu il verilən təkliflər QHT-lərə qeydiyyatın sadələşdirilməsi, onların maliyyə əldə etməsi və regionlarda tədbirlərin keçirilməsi və başqa məsələləri əhatə edib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Şərq”ə açıqlamasında QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə layihə təkliflərinin verilməsinin alqışalayiq olduğunu bildirib: “QHT-lərlə bağlı çox ciddi problemlər var. Zaman-zaman müxtəlif QHT nümayəndələri tərəfindən bu məsələ gündəmə gətirilir. Sözün düzü, layihə ilə bağlı məlumatlı olmadığım üçün konkret fikir səsləndirməkdə çətinlik çəkirəm. Amma təkliflər paketi Milli Məclisdə 1-ci oxunuşda müzakirəyə çıxarıldıqdan sonra öz mövqeyimi bildirəcəm və öz təklif və iradlarımı irəli sürəcəm”.