Meyitdən çox az orqan götürülür

Ölmüş insan transplantasiya üçün o qədər də yararlı olmur

Adil Qeybulla: "Azərbaycanda orqan transplantasiyası səhiyyənin vahid bir sistemə çevrilməsindən sonra öz həllini tapa bilər"


   Azərbaycanda artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiq olunub. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə, transplantasiya ilə bağlı mütəxəssislərin hazırlığına başlanılıb.

Tibb eksperti, professor Adil Qeybulla isə “Şərq”ə açıqlamasında deyib ki, hüquqi prosedurlardan əvvəl Azərbaycanda orqan transplantasiyasının həlli üçün psixoloji çatışmazlıqlar aradan qaldırılmalıdır: 

“Orqan transplantasiyası səhiyyənin vahid bir sistemə çevrilməsindən sonra öz həllini tapa bilər. Ən azı ümumi elektron səhiyyə formalaşdırılır, bütün infrastrukturları buna uyğun qurulur. Əks halda qanunlar kağız üzərində qalacaq. Böyük bir assosiasiya, şəbəkə yaradılmalıdır ki, məsələn, Azərbaycanın hər hansısa bir rayonunda orqan resursu varsa, digər rayonda buna ehtiyac yaranırsa, onu dərhal həyata keçirmək mümkün olsun. Bu məsələ çox ciddi təşkilatçılıq tələb edən işdir”.

Ekspertin sözlərinə görə, ən mühüm məsələ isə donor bankının rezervləridir. Azərbaycanda xeyli sayda donora ehtiyac var. Hesab edirəm ki, bu məsələ ilə bağlı bütün hüquqi tərəflər həllini tapmalıdır ki, daha sonra resurslar haqqında düşünmək mümkün olsun. Azərbaycan orqan transplantasiyasında Türkiyə və qərb
ölkələrinin təcrübəsindən istifadə edə bilər: 

“Donor orqanı kimlərdən alınacaq? Donor orqanları praktiki sağlam, lakin beyin ölümü keçirən gənc insanlardan  götürülür. Adətən hər hansısa bir qəzada travmatik, kliniki ölüm keçirmiş insanların orqanlarından istifadə olunur. Meyitdən çox az orqan götürülə bilir. Məsələn, sümük, gözün qişası, erkən fazada dəri, qığırdaq... Ölmüş insan transplantasiya üçün o qədər də yararlı olmur. İnsan o zaman digər bir insan üçün donor rolunu oynaya bilir ki, bioloji ölüm hələ baş verməmiş olsun. Əgər dekaltikasiya – beyin qabığının ölümü baş veribsə, o insanın orqanları köçürülmə üçün artıq yararsız hala gəlir. Ona görə də əgər ölüm ayağında olan və ya bunun ehtimal edildiyi, yaxud insanın həyatının xilasının mümkünsüzlüyü məlum olursa və həmin şəxsin doğmaları, yaxınları onun orqanlarını bağışlamaq

istəyirlərsə, o zaman xüsusi tibbi komissiyanın rəyi ilə insanın vəfatı süni şəkildə həyata keçirilir və orqanları götürülür”.

A.Qeybullanın sözlərinə görə, bizim cəmiyyət isə buna hazır deyil: 

“Nədənsə, heç kim məsələnin bu tərəfini düşünmür. Axı cavan yaşda övladını itirən, övladının kliniki ölüm keçirdiyini eşidən valideyn onun orqanlarının başqa bir bədənə köçürülməsinə psixoloji olaraq hazırdımı? Qanunlardan, donor bankının yaradılmasından əvvəl bu barədə cəmiyyətlə işləmək lazımdır. İnsanlarımız həyatını itirən yaxınlarına həkimin əl vurmasına, onların yarılmasına icazə vermir, nəinki böyrək, qaraciyər və ya hansısa bədən orqanlarının götürülməsinə. 

Bizdə bu məsələlər çox ciddidir. Azərbaycanda orqan transplantasiyasına nail olmaq üçün bizim vətəndaşlarımız da bu prosesi həyata keçirən ölkələrin insanları kimi psixoloji baryerləri aşması gərəkdi.

 Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır. Bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tam tapmamış Azərbaycanda orqan transplantasiyası yetərincə yayılıb inkişaf etməyəcək. Televiziyalar və digər media orqanları bu istiqamətdə təbliğat aparmalı və insanları bu prosesə hazırlamalıdır”. 

Professorun sözlərinə görə, meyitdən orqan götürülməsi üçün xüsusi klinikalara ehtiyac yoxdur. Sadəcə olaraq, orqanı götürüb, müəyyən temperatur altında saxlamaq lazımdır, vəssalam!. Öz işinin peşəkarı və bu sahəni yaxşı bilən həkim komandası istənilən klinikada bu prosesi həyata keçirə bilər”.