Deputat:“Hərə bir möhür alıb reketçilik edir”

“Ölkədə reketçiliklə məşğul olmaq istəyən təşkilatlarlar, qəzetlər və jurnallar da mövcuddur”

“Bu doğrudan da Azərbaycan üçün çox ciddi problemdir”


Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə QHT-lər haqqında danışıb.
“Hazırda 200-ə yaxın təşkilat qeydiyyata alınmaq üçün müraciət edib”- bildirib.
O qeyd edib ki, bu müraciətlər araşdırılır: “Araşdırmalar zamanı məlum olub ki, onların da böyük əksəriyyəti reketçiliklə məşğul olmaq istəyirlər. Hesab edirəm ki, hər müraciət edəni qeydiyyata almamalıyıq. Biz ictimai şuralarla qanunu da təkmilləşdirməliyik”.

QHT-lərin reketçiliklə məşğul olması hallarını “Sherg.az”a dəyərləndirən millət vəkili Razi Nurullayev bildirib ki, yaranmış vəziyyət qanunvericiliyə əlavə edilən məhdudiyyələrlə əlaqəlidir:

“Azərbaycanda QHT-lərin qeydiyyatı ilə bağlı problem var. Ölkədə reketçiliklə məşğul olmaq istəyən təşkilatlarlar, qəzetlər və jurnallar da mövcuddur. Bu doğrudan da Azərbaycan üçün çox ciddi problemdir. Hər kəs bir möhür alıb, sonra onun vasitəsi ilə missiyasına uyğun olmayan bir işlə məşğul olur.  Ümumiyyətlə, hesab edirəm ki, QHT-lər normal şəkildə inkişaf edirdilər, çox güclü təşkilatlarımız yaranmışdı.  

Bu gün də onların bir hissəsi qalmaqdadır. Sadəcə olaraq maliyyə mənbələri zəifdir. 2009-2014-cü illərdə “İctimai Təşkilatlar və Fondlar” haqqında qanuna məhdudlaşdırıcı məhdudiyyətlər tətbiq edildi.

 Qanunvericiliklə bu təsbit olundu. Daha sonra QHT-larının xaricdən vəsait alması dayandırıldı. Nəticə etibarilə, professional təşkilatlar sıradan çıxmağa başladı. Məhz o proffessional təşkilatlar sıradan çıxdıqdan sonra yeni təşkilatlar yeni missiya ilə yaranmağa başladı”.

Deputatın sözlərinə görə, yenə də qeydiyyatda problem yaratmaq lazım deyil:

“Bu təəssüfedici bir məqamdır. Bunlara qarşı qanunvericilik səviyyəsində mübarizə aparmaq, həmin an onların qeydiyyatını dayandırmaq olar. Amma mənə elə gəlir ki, həmin təşkilat qeydiyyatla bağlı müraciət edibsə, onlara problem yaratmaq lazım deyil. 

Onların fəaliyyətini izləmək lazımdır. Qanunsuzluq görən zaman dərhal qeydiyyatını ləğv etmək lazımdır. Təşkilatın qeydiyyatdan keçməmiş onun reketçiliklə məşğul olub-olmayacağını müəyyən etmək olmaz. Amma cəmiyyətə məlum olan şəxsləri ayrı-ayrı şəxsləri müəyyənləşdirmək olar”.

 R.Nurullayev hesab edir ki,  qanunveriliyimizə edilən məhdudlaşdırıcı dəyişikliklər bu cür təşkilatların yaranmasına rəvac verdi və professional, missiyasına uyğun, cəmiyyətimizin üçün xeyir gətirə biləcək təşkilatların da zəifləməsinə gətirib çıxardı.