2006-cı ilə qədər işləyənlər əmək kitabçalarını evdə saxlamalıdır
"Stajla bağlı heç bir problem yaşanmayacaq. Əmək kitabçalarının dövriyyəsi artıq xərc və işçi qüvvəsi tələb etdiyindən bu kitabçalar dövriyyədən çıxarılacaq"
Azərbaycanda əmək kitabçaları ləğv olunacaq. Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin sözlərinə görə, yeni “Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq. Əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.
Qeyd edək ki, əmək kitabçaları hazırda vətəndaşların iş təcrübəsinin göstərildiyi dövlət sənədidir. Amma yavaş-yavaş bu kitabçalar da öz funksiyasını itirməkdədir. Çünki hər bir işləyənin Dövlət Sosial Müdafiə Fondunda fərdi hesabı var. Həmin hesabın vəziyyəti vətəndaşın nə zaman işləməsi və hansı ödənişləri etməsi barədə məlumat verir.
Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, məsələ ilə bağlı təmsil olunduğu Sosial Tədqiqatlar Mərkəzi də öz təkliflərini təqdim edib:
“Biz təklif edirik ki, əmək kitabçalarının ləğvi yox, dövriyyədən çıxarılması daha məqbuldur. Çox güman belə də olacaq. Qonşu Rusiyada əmək kitabçalarının dövriyyədə olması səbəbindən hər il biznesə 50 milyard rubl ziyan vurur. İşə götürənlər isə 12 milyard zərər edir. Halbuki, faktiki olaraq bu kitabçalar öz aktuallığını itirib və mənasız bir kağız rolunu oynayır.
2014-cü ilə qədər elektron informasiya sistemində işçinin fəaliyyəti ilə bağlı məlumatlar əks olunmur. Ona görə də pensiyaçıların 2006-cı ilə qədər olan sığorta stajını ancaq əmək kitabçası ilə müəyyənləşdirmək olur. Amma hazırda nazirlik tərəfindən bu istiqamətdə müəyyən işlər görülür, sistem tam hazır olduqdan sonra əmək kitabçaları tamamilə dövriyyədən çıxarılacaq. 2006-cı ilə qədər işləyənlər isə bu sənədi sübut kimi evdə saxlamalıdır.
Bəzən vətəndaşlar elə düşünür ki, 2014-cü ildən əvvəlki fəaliyyətləri iş stajlarına əlavə olunmur. Lakin belə deyil. Stajla bağlı heç bir problem yaşanmayacaq. Əmək kitabçalarının dövriyyəsi artıq xərc və işçi qüvvəsi tələb etdiyindən bu kitabçalar dövriyyədən çıxarılacaq. İşçilərin 2014-cü ildən sonrakı fəaliyyəti hazırda elektron sistemdə qeyd olunur. Ondan əvvəlki illərlə bağlı əmək fəaliyyətini isə kiməsə sübut etmək üçün sadəcə bir çıxarış lazım olacaq. Qısaca deyim ki, bu yeni qərarda işçilərin ziyanına heç nə yoxdur. Dövlət və işəgötürənlər üçün də maddi baxımdan üstünlüyü çoxdur. Artıq mahiyyətini itirmiş bir sənəd üçün əlavə xərc çəkmək lüzumsuzdu”.
Hazırkı sistemdə əmək stajının çox az hallarda gərəkli olduğunu vurğulayan ekspertin sözlərinə görə, vacib olan sığorta stajıdır və bu da 2006-cı ildən bu yana elektron sistemdə qeydə alınır. Ondan əvvəlki illərdə də əmək fəaliyyəti olan insanlar pensiyaya çıxana qədər əmək kitabçalarını özlərində saxlamalıdır, sübut üçün lazım olacaq.