Gilas bacı, Alma xala, Xurma bibi, Badam dayı, Püstə nənə, Göycə baba... – REAKSİYA

Sevinc Əliyeva:“Bu gün Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən, tematikası bizdə xoş təsürat yaradan adları görmək xoş olar”

“Nəzərə alaq ki, qoyduğumuz adlar gələcəkdə Azərbaycanı, ailəsini, təmsil edəcək. Bu mövzudan son dərəcə ehiyatlı və diqqətli olmalıyıq”



Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə adları verirlər. Ədliyyə Nazirliyindən verilən məlumatlara əsasən son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib.Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar. 1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb. Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib. Valideynləri yeni doğulan 4 körpəyə Badam adı veriblər, 2 uşağa Badamxanım adı qoyulub. 15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək. Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir. Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.

Yeni doğulan körpələrə meyvə adlarının verilməsi cəmiyyətdə təəccüblə qarşılanıb. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva da buna münasibət bildirib. O, “Sherg.az”a verdiyi açıqlamasında qeyd edib ki, belə adları müsbət qiymətləndirmir:

“Yəqin ki, bu adların əksəriyyəti nənə adıdır. Amma mən bunu tövsiyə etmirəm. Çünki hər kəs öz adı ilə tanınır. Həmin şəxs gələcəkdə yaxşı peşə sahibi ola bilər. Heç kəs arzu etməz ki, kimsə adından utansın. Bir zamanlar da bu məsələ qaldırılmışdı. Hətta Dilçilik İnstitutunda bununla bağlı dissertasiya mövzusu işlənilirdi. Təkcə Yasamal rayonu ərazisində aparılan araşdırmalara görə, hətta 3 komponentli adlar var idi. Bu gün biz Azərbaycan dəyərlərindən, ideologiyasından danışırıqsa,  çox istərdim ki, bizim yazıçıların əsərlərinə baxsınlar. Məsələn, dramaturq Cəfər Cabbarlı Azərbaycana gözəl ənənə gətirdi, əsərlərində gözəl, milli adlardan istifadə etdi. Bu bir ənənənin başlanğıcı idi. Amma çox təəssüf ki, bu gün bir sıra yad dəyərlər önə keçir”.

S.Əliyeva qeyd edib ki, ad seçimində milli mənşəli adlara üstünlük vermək lazımdır:

“ Bir dəfə bir müşahidələrimizin birində dedik ki, eyvandan Yusif adını çağıranda 6-7 uşaq dönüb baxır. Azərbaycan mənşəli adların qoyulması tövsiyə olunur. Bu gün Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən, tematikası bizdə xoş təsürat yaradan adları görmək xoş olar.    

Biz heç bir ada qarşı çıxmırıq. Amma artıq zaman və baxışlar dəyişir. Alınma  adlar da çox qloballaşıb. Başqa xalqların arzuolunmaz qəhrəmanlarının adını götürürlər, amma bilmirlər ki, bu adların tarixində nələr dayanır. Bəzən ad insanın şəxsiyyətini formalaşdıra bilir. Bəzən də onun şəxsiyyət kimi yetişməsinə maneə ola bilir. 

Ona görə düşünürəm ki,  elə adlar qoyulmalıdır ki, eşidən zaman sevinc, fərəh, fəxr kimi hissləri gətirsin. Nəzərə alaq ki, qoyduğumuz adlar gələcəkdə Azərbaycanı, ailəsini, təmsil edəcək. Bu mövzudan son dərəcə ehiyatlı və diqqətli olmalıyıq”.