İntiharın yaşı və səbəbləri dəyişir – Nə etməli? – İZAH 

Bir gündə iki intihar hadisəsi baş verib. Hadisənin mahiyyəti eyni olsa da, intihar edənlərin yaş qrupları kəskin fərqlənir. Birinci hadisə paytaxtın Xətai rayonu, Cavanşir küçəsi, ev 18-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 16 yaşlı Göyçə Tahir qızı Nəsibova çoxsaylı həb qəbul edərək canına qəsd edib.Təcili xəstəxanaya yerləşdirilən Göyçə Nəsibova orada dünyasını dəyişib.

İkinci intihar hadisə isə Beyləqanda baş verib. Hadisə rayonun İkinci Şahsevən kəndində baş verib. Kənd sakini 60 yaşlı Raya Quliyeva evinin həyətindəki yardımçı tikilidə özünü asaraq həyatına son qoyub. Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Psixoloq Gülnar Orucova  yaşlı insanların intihar səbəblərini “Sherg.az”a açıqlayıb. O, bildirib ki, son zamanlarda belə hallara çox rast gəlinir:

“İntihar hadisələri gün keçdikcə artır. Yaş həddi və intihar səbəbləri də getdikcə dəyişir. Əvvələr intiharı sevgiyə, maddiyyata görə edirdilərsə, indi bu format dəyişib. Hətta valideynlə yeniyetmə arasında mübahisə  olanda belə, o, intihar edir. Son zamanlar yaşlı insanlar arasında qətl hadisləri də çox olur. Kişi həyat yoldaşını öldürür, pəncərədən atır və başqa formalarada. Fikir versək, görərik ki, insanların üzlərində aqressiya, gərginlik və məyusluq var. Bunu bəzən maddi durumla əlaqələndirirlər. Düzdür, pul insanı xoşbəxt etmir, amma pulsuz insan bədbəxt olur.
Eyni zamanda, yaşlı insanlarda əsəb və sinir sistemi daha gərgin olur. Onlar üçün həyatın mənası azalır. Ona görə yaşlı insanların qatil olma, intihar etmə riski də artır. Bu səbəbdən onlara hörmətlə yanaşmaq, fikirləri ilə razı olmasaq da bunu normal şəkildə dilə gətirmək lazımdır”.

Psixoloqun sözlərinə görə, yeniyetmələrin intiharlarında valideynlərin də günahı var:

“Bizim milli-mental dəyərlərimiz var. Bu milli-mental dəyərlərimiz gənclər arasında pozulur və intihar hallarının çoxu o zəmində baş verir. Nə qədər bunun üstü bağlansa da, gizlədilsə də, belə olur. Belə vəziyyətdə intihar varsa, valideyn birmənalı şəkildə günahkardır. Çünki uşaq valideynin onu bağışlamayacağını düşünür və intihar edir.

Digər tərəfdən isə gənclər ali məktəbə qəbul olmadıqlarına görə intihar edir. Bu doğru deyil. Sanki universitet uğrunda mübarizə aparırıq. Valideynlər bir-biri ilə yarışır. Uşaqlarını mədəni sürətdə şantaj edir, cəzalandırır, qorxudur, qadağalar qoyur və.s. Bir sözlə, valideyn uşağın üzərinə qaldıra bilməyəcəyi yük qoyur. Bu da birbaşa intihara gətirib çıxarır. 

Bundan əlavə, bəzi valideynlər övladlarına qadağalar qoyur. O qədər qadağalar qoyurlar ki, uşaqlarda ona qarşı maraq oyanır. Qadağaların səbəblərini isə izah etmirlər. Səbəbləri izah etmək, nə ilə nəticələnəcəyini anlatmaq lazımdır”.