Bağçada işləyənlərin seçiminə xüsusi yanaşılsın!- “Körpələrin psixologiyasını..."

Bağçada azyaşlıya zorkılıq tətbiq olunub. Hadisə Şamaxı rayonunda baş verib. Rayonun ərazisində yerləşən 3 saylı bağçada aşpaz uşağın saçını çəkməsinin videosu sosial şəbəkələrdə yayılıb.Dağlıq Şirvan Regional Təhsil İdarəsi azyaşlıya zorakılıq göstərilməsi məsələsinə münasibət bildirib. İdarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məsələ ilə bağlı APA-ya açıqlamasında deyib ki, hadisə iyunun 2-də baş verib:

“Bağça rəhbərliyi məsələ ilə bağlı tədbir görüb. Aşpaz Sevinc Balkiyeva barəsində intizam tənbeh tədbiri görülüb. Hazırda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək”.

QHT nümayəndəsi, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai “Sherg.az”a bu kimi halların baş vermə səbəblərindən danışıb. O, bildirib ki, əsəs səbəb məktəb və bağçaya işə götürülən şəxslərin psixoloji durumunun öyrənilməməsidir:

“Bunu ciddiyə almırlar və önəmli parametr hesab etmirlər. Məncə, xüsusən də, bağçada işə götürülənlər kimlərinsə qohum və ya tanışları olur. Onlar da bu ixtisasla heç vaxt maraqlanmayıblar. Bu da səbəb ola bilər. Bəzən isə maaş azlığı belə hadisələrə səbəb kimi göstərilir. Bunun aqressiyasını uşaqdan da çıxa bilirlər. Amma bütün hallarda, insan yaxşı pedaqoq olanda onun işinə, uşaqlara münasibətinə heç bir amil təsir edə bilməz. Bu, birbaşa insanın işini bilməməsindən irəli gəlir. Maaş azlığı və digər səbəblər xüsusilə uşaqlarla işləyən insanın davranışlarını, iş prinsiplərini pozmasına səbəb olmamalıdır”.

S.Fədai onu da əlavə edib ki, bu kimi məsələlərə laqeyd yanaşmaq olmaz:

“Uşaqların yetişməsi ilk ailədən, ikinci dərəcədə bağçadan, daha sonra məktəbdən başlayır. Uşaqlar bağçada bu travmanı alırsa, onlarda çox böyük qorxular yaranır. Ona görə də bağçada işləyənlərin seçiminə çox xüsusi yanaşmaq lazımdır. Körpələrin psixologiyasını zədələmək olmaz. Yaxşı olardı ki, işə götürən zaman xüsusi testlərdən istifadə edilsin. Müəllimlərin bu işə nə dərəcədə uyğun olduğuna dair əllərində dəqiq nəticə olsun. Bu məsələdə həssas olmaq lazımdır, etinasız yanaşmaq olmaz”.

Onun sözlərinə görə, sadəcə cəza tədbirləri bu probleməri aradan qaldırmağa kömək etmir:

“Biz belə hallarla rastlaşanda adətən ictimai qınaq olur. Buna əsasən, həmin şəxsə müəyyən qanun çərçivəsində cəza verilir. Amma bu bir növ toplumun gözünü boyamaq, aqressiyasını azaltmaq xarakteri daşıyır. Dövlət belə məsələləri ciddiyə almalıdır. Əl atacağımız üsul təkcə cəza olmamalıdır. Bu mənada real addımlar atmaq lazımdır. Maarifçilik işləri aparmaq olar, qanunvericikdə bununla bağlı boşluqları aradan qaldırmaq lazımdır. Belə halların yaşanmaması üçün bir fəaliyyət planı hazırlamaq lazımdır”.