Psixoloqdan SOS! - “Aqressiya virus kimi yayılır” – Media həssas yanaşsın!

Sumqayıt şəhərində 15 yaşlı oğlan bıçaqlanıb. Məlumata görə, hadisə iyunun 8-i axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rzayev Ayxan Ramil oğlu şəxsi münasibətlər zəminində 2007-ci il təvəllüdlü Muxtarov Nihat Sənan oğlunun döş qəfəsinə bir bıçaq zərbəsi endirib.Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə zamanı N.Muxtarovun anası oğlunun bıçaqlandığını görərək özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.Hər iki şəxs xəstəxanaya yerləşdirilib.Hadisəni törətməkdə şübhəli bilinən A.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bir ailə daxilində baş verən bu qətl və intihar hadisəsi cəmiyyətimizdə sürətlə yayılan aqressiyadan xəbər verir.Son zamanlar tezliklə rast gəldiyimiz intihar və cinayət hadisələri bunu deməyimizə rəvac verir. 

Psixoloq Orxan Oruc da cəmiyyətimizdə bu kimi halların artmasından danışıb. O, “Sherg.az”a açıqlamasında bildirib ki, initihar və cinayət kimi olayların artmasında mətbuatın rolu böyükdür:

“Son dövrlər texnologiyanın inkişafı, qazancla bağlı anlayışın dəyişməsi, hər saniyəyə gələcəyimizi qurmaq üçün gəlir təminatı kimi baxmağımız insanlarda müəyyən aqressiya yaradır. Düşünürəm ki, aqressiyanın virus kimi yayılmasının səbəblərindən biri də məhz mətbuatdır. Bu tip xəbərlərin mütamadi olaraq yayılması aqressiyanı, başqalarına qarşı fiziki xəsarət yetirməyi və yaxud psixoloji təzyiq göstərməyi insanların gözündə adiləşdirir.Bundan sonra artıq digərləri həmin aqressiyanı gizlətmək üçün özlərində məsuliyyət hiss etməməyə başlayırlar. Bir növ təqlid edirlər.

Bu gün  kimsə mediada aqressiya ilə bağlı informasiyanı oxuyanda fikirləşmir ki, “bu yaxşı oldu” , “mən də aqressiyamı bu şəkildə ifadə edirəm” . Xeyr, sadəcə bu şüuraltı modelə çevrilir. Bir müddətdən sonra insan özü bənzər situasiyaya düşdükdə həmin davranışı nümayiş etdirir. Sözsüz ki, bu davranışların bəziləri də özünü cinayət kimi göstərməyə başlayır”.

Problemdən çıxış yollarını göstərən psixoloqun fikrinə görə, bu tip xəbərlərin azaldılması ilə intiharların qarşısını müəyyən qədər almaq olar:

“Jurnalistlərimiz  məsələlərə həssas yanaşmırlar. Daha çox reytinq toplamaq, diqqəti cəlb etmək üçün bu kimi xəbərlərə cazibədar, diqqətçəkən başlıqlar seçirlər. Ona görə də gün keçdikcə, bu olaylar adi hal almağa başlayır.  

İlk  növbədə jurnalistlər və bu sahəyə yaxın olan insanlar intihar xəbərlərinin qarşısını almalıdırlar. Jurnalistlər peşəkar yanaşaraq, kütləviləşmənin qarşısını alsa, sosial media istifadəçilərinin də belə xəbərləri yayması halı nisbətən azalar”.