Bir qrup alimə qarşı dələduzluq! – “Şuşaya getməyənlərin pulu qaytarılmalıdır”

Bir qrup alimə Şuşaya səfər təşkili ilə bağlı vəd verərək dələduzluq edilib.
İddialara görə, Əlvan Cəfərov adlı şəxs 470 kitab-qələm adamının hərəsindən 70 AZN-dən pul toplayıb. Onları Şuşaya aparacağını söyləyib. 100 nəfəri aparıb, qalanları da məlum. 370 nəfərdən 70 manat alıb ki, bu da 25.900 manat edir. 
Hazırda polis olayı araşdırır. Aldadılıb, Şuşaya gedə bilməyənlər pullarının geri qaytarılmasını istəyirlər.

Hadisəni "Sherg.az"a dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlunun fikirlərinə əsasən, günah təşkilatçılardadır:

"Səfəri planlayanlar naşılıq ediblər. Gərək əvvəlcədən aidiyyəti qurumla Şuşaya neçə nəfərin gedəcəyi barədə razılaşardılar.
 Sonra tədbir görməli idilər. Görünür, təşkilatçıların problemləri var. 100 nəfərdən artıq adam qoymayıblar. 

Onları da, yəqin, təşkilatçılar müəyyənləşdirib. Kimisə tanıyıblar, kimisini də nüfuzuna görə seçiblər. Getməyənlərin pulu təcili geri qaytarılmalıdır. Təşkilatçılar məsuliyyət daşıyır. 

70 manat havayı niyə getməlidir ki?! 

Çalışmalıyıq ki, Şuşa ətrafına belə mövzular yaşanmasın. Biz Şuşanı illərdir, yuxumuzda görürdük, həsrət çəkirdik. Xoşagəlməz hadisədir".