“Azərbaycanda əlilliyin təyin edilməsi avtomatlaşdırılıb” - Proses şəffafdır!

Hərbçilərin əlilliyinin qiymətləndirilməsi və reabilitasiyası işlərinə, əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara dair mətbuat konfransı keçirilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov qeyd edilən istiqamətlərdə görülmüş işləri diqqətə çatdırıb. 

O, bildirib ki, son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə isə 3 min qaziyə əlillik təyin edilib. Konfrans zamanı qeyd olunub ki,müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib.Yekun  mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərinəyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub.

2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib.Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib.Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Nazirliyin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.

44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub.Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Bu sahədə aparılan işləri yüksək qiymətləndirən Millət vəkili Aydın Mirzəzadə “Sherg.az”a bildirib ki, sosial xidmət dövlətin əsas vəzifələrindən biridir:

“Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət bu istiqaməti diqqətdə saxlayıb. Aydın məsələdir ki, əlillik ilk növbədə əmək fəaliyyəti məhdud olan və yaxud heç olmayan insanlara verilir. Yəni öncə özlərini maddi cəhətdən təmin edə bilməyənlər üçün kateqoriyalara bölünür. Eyni zamanda müəyən edilmiş standartlar var. Həmin standartların zaman-zaman Azərbaycanda qəbul edilməsi həyata keçrilir”.

Deputatın sözlərinə görə, ölkədə əlilliyin təyin edilməsi avtomatlaşdırılıb:

“Əvvəlki kimi şəxsi təmas məsələsi yoxdur. Bütün işlər şəffaf şəkildə həyata keçirilir. Nazirlikdən də mütamadi olaraq nə qədər insana əlilliyin verilməsi, hansı kateqoriyanın əlilliyi alması barəsində məlumatlar yayır. Eyni zamanda Vətən müharibəsində sağlamlığını itirimiş şəxslərin əlilliyinin təyin edilməsi prosesi də davam edir”.