10 iyun 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, Beyləqan rayonu Kəbirli kənd sakini, şəhid Rüstəmov Elnur İsmayıl oğlunun anası Salatın Rüstəmovanı həmkəndlisi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan SSİ-nin müdiri Azim Kərimov təhqir edib, əxlaqsız və fahişə adlandırıb.
Bundan başqa, Xaçmazda Nuranə Orucova adlı dələduz həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq şəhid anası Zabilə Musayevanı aldadıblar. Onlar Vətən müharibəsində şəhid olmuş Əliheydər Hüseynlinin anasına zəng edərək özlərini Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim ediblər. Şəhid anasını inandırıblar ki, oğlu sağdır və əsirlikdədir. Dələduzlar Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə şəhid anası Z.Musayevadan 4000 manat pul alıb.
Son zamanlar xalq tərəfindən həssas yanaşılan şəhid ailələrinə qarşı hörmətsisliklərin sayı artıb. Bir tərəfdə Şəhid anasının aldadılması, digər tərəfdə isə Şəhid anasının məmur tərəfindən təhqir edilməsi sosial media istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilib.
Mərifləndirmə və görülən cəza tədbirlərinin yetərli olmadığını deyən şəhid qardaşı, ictimai-siyasi fəal Elyar İslamoğlu "Sherg.az"a bildirib ki, gələcək nəslin vətənpərvər ruhda böyüməsi üçün şəhid ailələrinə hörmət və qayğı ilə yanaşmalıyıq:
"Əsasən fırıldaqçılar ucqar rayonlara və həssas ailələrə üz tuturlar. Elə ailə var ki, o, övladınının cənazəsini yalnız tibbi ekspertiza vasitəsilə tanıyıb və tabutu açıb baxmayıb. Onlar həmin əilələrin ümidləri ilə oynayaraq övladlarının əsirlikdə olduğunu deyirlər.
İstər məmur olsun, istərsə də sadə vətəndaş hər kim ki şəhid ailəsinə dil uzadır onlara ən ağır cəzalar verilməlidir. Bunu görən digərləri artıq özlərini yığışdıracaqlar. Biz elə bir coğrafi mövqedəyik ki, hər an müharibə baş verə bilər.
Gənc nəsli ruhlandırmaq və döyüşgən yetişdirmək üçün qazilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına xüsüsi diqqətlə yanaşmalıyıq. Lakin bu gün baş verənlər çox böyük təəsüf hissi doğurur".