13 hakim vəzifəsindən azad edildi! – “Ədliyyə sahəsində islahatlar geniş miqyasda...”

13 nəfər hakim tutduğu vəzifədən azad olunub.Korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Qeyd olunub ki, iclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib. Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.

 Azərbaycan Milli QHT Forumunun sədri Rauf  Zeyni ədliyyə sistemində aparılan islahatları “Sherg.az”a şərh edib. O, bildirib ki, bu kimi islahatlar şəffaflığın artmasına səbəb olacaq:

“Ölkə başçısı İlham Əliyev tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatlar davam edir. Ədliyyə naziri  Fikrət Məmmədov  da bu islahatları yüksək səviyyədə həyata keçirir. Bu islahat ədliyyə sistemində sağlam mühitin yaranması, inkişaf etdirilməsi və peşəkar kadrların cəlb olunması baxımından mühüm addımdır. Düşünürəm ki, bundan sonra ədliyyə sahəsində islahatlar daha geniş miqyasda görüləcək. Çünki ədliyyə, səhiyyə, təhsil kimi sahələr millətin aynasıdır. Hər hansı formada cəmiyyətdə nöqsan baş veririsə, birinci növbədə bu sahələrdəki nöqsanlar araşdırılır.

R.Zeyni hesab edir ki, sağlam ədliyyəsi olan millətin gələcəyi də sağlam və perspektivli olar:

“O baxımdan düşünürəm ki, idarəetmənin bütün sahələrində islahatlar davam edir. Amma qeyd etdiyim sahələrdə inkişafa və islahata daha çox ehtiyac duyulur. Bu islahatlar aparılmalıdır və öz bəhrəsini verəcək”.