NONSENS! - “Oğlanların çoxu deyir ki, indiki qızlar sevgililərini paltar kimi dəyişirlər” 





“Yaxın qohumlardan 30-35 yaşı keçmiş 7-8 cavan oğlan var, evlənə bilmirlər. 2 səbəbdən. Bir qrupunun işi, evi yoxdur. Digər qrup isə evləniləsi normal qız tapammır”.
Bu barədə Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı öz Feysbuk hesabında paylaşım edib. O, “Sherg.az”a məsələ ilə bağlı açıqlamasında bildirib ki, son vaxtlar gənclərin çoxu evlənməkdən çəkinir:
“Xüsusən də oğlanlar. Nəticədə evlənmə yaşı artır. Artıq 30 - 35 yaşadək evlənə bilməyənlər çoxdur. Bu çox ciddi bir problemdir.

Evlənə bilməyənlər 2 qrupa bölünür. Biri sosial, maddi problemlər səbəbindən evlənə bilməyənlərdir. Onların iş, ev kimi problemləri var. Digər qrup isə, arzuladığı kriteriyalara uyğun həyat yoldaşı tapa bilmir”.
Sosioloqun sözlərinə görə, hər iki qrupun arqumentləri əsaslıdır:
“Birincilər evsiz və işsiz ailə qurmağın ciddi problem olduğunu başa düşürlər. Yəni, əhalinin sosial vəziyyətinin yaxşı olmaması da evlənməni gecikdirən əsas faktorlardandır. İndi gənclərin çoxu işsizdir, ya da müvəqqəti, günəmuzd işlərlə məşğuldurlar. Yaşamaq üçün evləri yoxdur. Bu halda ailəni kirayələrdə az gəlirlə necə saxlaya bilərlər?
İkinci qrupa aid olanlarda isə ev və iş var. Amma onlar bəzənib-düzənməkdən başqa əlindən heç bir iş gəlməyən müasir yelbeyin qızlardan həyat yoldaşı, ana olmayacağını görürlər. Ona görə də, hələ axtarışdadırlar. Bu o demək deyil ki, normal qızlar yoxdur. Əlbəttə var, amma çox azdırlar deyə tapmaq çətindir. Məsələn, şəxsən tanıdığım 32 yaşlı oğlanlardan birinin dediyinə görə, indiyədək 30-dan artıq qızı ətraflı araşdırıb və elə faktlar ortaya çıxarıb ki evləniləsi olmadıqlarını başa düşüb. Dediyinə görə, üzdə “imam övladı” kimi görünən bir çox qızların gizlində nə oyunlardan çıxdığını dəqiq bilir.
Oğlanların çoxu deyir ki, indiki qızların çoxu ev işlərini bacarmır, tələbləri yüksəkdir, həddən artıq sərbəstlik istəyirlər, milli-mənəvi dəyərləri qəbul etmirlər, böyük-kiçik tanımırlar, sevgililərini paltar kimi dəyişirlər və s. Belə qızlarla ailə qurmaq əlbəttə axmaqlıq olardı”.

E.Bayramlının sözlərinə görə, normal qızlar da müasir oğlanların bir çoxunu qəbul etmir:
“Belə ki, bəziləri narkomandır, bəziləri çox içəndir, bəziləri məsuliyyətsizdir, bəzilərinin gözü müxtəlif qızlardadır və s. Haqlı səbəbdən qızlar beləsi ilə evlənmirlər. Həm normal oğlan, həm də normal qızın bir araya gəlməsi təsadüfi, nadir hallarda olur. Bu səbəbdən də boşanmalar sürətlə artır.
Bax beləcə, ağır sosial problemlərdən və mənəvi deqradasiyadan ailə institutumuz məhv olub gedir”.