Bir neçə gün əvvəl Sumqayıtda qadına təpik vuraraq avtobusdan çıxaran sürücü Aqil Kosayev işinə geri qaytarılıb.
Sürücü "ARB Xəbər"ə açıqlamasında məsələyə hüquqi qiymət verildiyini deyib və baş verənlər haqda danışıb.
“İşıqforda düşməyi tələb edirdi. Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbirli olmaq lazımdır. Belə bir şey olmamalıydı. Çalışarıq, bir də olmasın”, - sürücü bildirib.
Qeyd edək ki, sürücünün işdən çıxarılması sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıq doğurmuşdu. Görünür, aidiyyatı üzrə qurumlar ictimai rəyini nəzərə alaraq sürücünü yenidən işə qaytarıb.
Sürücünün işə qaytarılmasında medianın və ictimai rəyin böyük təsiri olduğunu söyləyən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında bildirib ki, başqa hallarda da, belə addım atılsa, istənilən məsələnin ədalətli həllinə nail olmaq mümkündür:
" Baş verən hadisədə sərnişin günahkar idi. Sürücünü işdən çıxarmaq ağır cəzadır. İctimaiyyətin və medianın hadisəni qabartması nəticəsində ədalət bərqərar oldu. Əgər sürücü işinə qaytarılmasaydı, bu sosial-psixoloji cəhətdən cəmiyyətə mənfi təsir göstərərdi və ədalətə inamı azaldardı.
Belə hallar ilk öncə araşdırılmalı və daha sonra tədbir görülməlidir. Ümumiyyətlə, sürücünü bir səhvində işdən çıxarmaq düzgün deyil, işçi haqlarının pozulması deməkdir.
Son zamanlarda feministlərin təbliğatı ilə əlaqəli hər bir durumda qadın haqlı sayırdılar. Amma sözügedən hadisədə qadınların böyük əksəriyyəti haqlı tərəfi, yəni sürücünü müdafiə etdi. Cəmiyyətimiz çox gözəl və ədalətli nümunə sərgilədi".