Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu Feysbuk hesabında qazi polkovnik-leytenant Şahnurad Məmmədovun ölümü ilə bağlı status paylaşıb.
O, bildirib ki, qazi polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədov Sumqayıtda Məhkəmə ədalətsizliyinə etiraz edərkən ürəyi partlayıb. Dünyasını dəyişib. Hadisə Sumqayıtda məkəmə qərarlarının icrası binasında baş verib. Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş. Kartı da bloklanıb. Allah rəhmət eləsin.
Baş verən hadisə sosial şəbəkələrdə qınağa səbəb olub. İnsanlar hadisənin təfərrüatlarını araşdırmağı tələb edib.
Bank və məhkəmənin qazilərlə, müharibə iştirakçıları ilə bağlı qərarlarında həssas davranmalı olduqlarını deyən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev "Sherg.az"a bildirib ki, rəhbərlik etdiyi Birlik məsələ ilə bağlı qərar qəbul etməyib:
"Qazilər , veteranlar və müharibə iştirakçıları kredit götürən zaman heç bir təşkilata bu barədə məlumat vermirlər. Proses bank və krediti götürən şəxs arasında olan hadisədir. Ona görə də, hadisələrə mudaxilə etmək mənasızdır. Xatırladım ki, banklar 44 günlük müharibə zamanı xeyli şəhid və qazinin borclarını sildi. Yəqin ki bu adam kredit götürüb və uzun müddət ödəməyib.
Ona görə də, hadisə baş verib. Ümumilikdə isə qazilərə verilən kreditlər güzəştli şərtlərlə təklif olunur. Heç bir bank qazinin müavinətindən vəsait tutmur.
Məhkəmələrdə də qazilərə verilən mənzil, avtomobil və müavinət banka yönəldilmir. Adıçəkilən polkovnik isə qazi yox, müharibə iştirakçısıdır və xidmətə görə müəyyən məbləğdə müavinət alırdı. Yəqin ki, aldığı müavinəti banka yönləndirib və buna görə də ondan pul tutublar".