“Şəhid ailələri və qazilərə xüsusi qayğı göstərilir”

“Onların hər biri iş yerləri, avtomobil və mənzillərlə təmin edilirlər”


Azərbaycanda şəhid ailələri, qazilər və müharibə iştirakçılarına daim diqqət, qayğı göstərilir. 44 günlük Vətən savaşından sonra da bu proses davam etdirilib,etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə "Vətən" müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir. Dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və Sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək sosial dəstək paketi çərçivəsində 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib. 

Eyni zamanda, prezidentin 25 yanvar 2021-ci il sərəncamına əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək.
Bundan başqa, müharibə əlillərinə minik avtomobillərinin verilməsi də uğurla davam edir.  Onlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verilib.  2021-ci ildə is 144 avtomobilin, ümumilikdə ötən dövrdə 7350-dək avtomobilin müharibə əlillərinə təqdim olunub.

Prezident bütün çıxışları zamanı qazilərə və şəhid ailələrinə həssaslıqla yanaşılmasını xüsasən tələb edir deyən iqtisadçı-ekspert Fuad ibrahimov "Sherg.az"a bildirib ki, dünyanın böhranla qarşılaşdığı bir zamanda dövlətimizin həssas kateqoriyadan olan şəxslər üçün maliyə ayırması və sosial yönümlü işlər görməsi təqdirəlayiqdir:

 "Qazilərimizə və şəhid ailələrinə xüsusi qayğı göstərilir. Onların hər biri iş yerləri, avtomobil və mənzillərlə təmin edilirlər. Prezidentimizin imzaladığı sərəncamlara əsasən büdcədən həmin kateqoriyadan olan insanlar  üçün hər il vəsait ayrılır. Ən azından bu görülən işləri Ermənistanla müqayisə etsək, görərik ki, dövlətimiz qazilərimizin rifahını yaxşılaşdırmaq üçün əlindən gələni edir. Düzdür, arada xoşagəlməz hadisələr və məmur özbaşınalıqlarına rast gəlinir. Lakin hökumətin gördüyü işlər dəyərləndirilməlidir. Prezidentimiz hər zaman vurğulayıb ki, müraciət edən qazilərimizə son dərəcə də həssaslıq və səbrlə yanaşmaq lazımdır. Ola bilsin ki, müraciət edən şəxsin heç bir hüquqi əsası olmasın, amma ona prosesi çərçivəli şəkildə izah etmək lazımdır. “YAŞAT” Fondunun təşəbbüsü ilə edilən yardımları da vurğulamaq lazımdır. Qazilərimizin müalicələrinin dövlət tərəfindən nəzarətdə saxlanması və aparılması konkret olaraq göz önündədir. Növbəti illərdə də, demək olar ki bizim bütün büdcə layihələrimizdə qazilərin xususi yeri olacaq".