Gənclərimiz şanlı tariximizin canlı şahidləri ilə görüşür


Yay düşərgələri gələcəyə hesablanmış, bəlli hədəfləri olan layihədir

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi 

  Azərbaycan  dövlət siyasətində gənclərlə iş xüsusi yer tutur.   Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədilə indiyədək bir neçə dövlət proqramları hazırlanaraq icra olunub. 

Və əlbəttə ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi də dövlət proqramlarının önəmli hissəsini təşkil edib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gənclər Gününün təsis edilməsinin 25 illiyinə həsr olunmuş Forumda çıxışı zamanı gənclərimizin milli ruhda, vətənpərvər ruhda tərbiyəsindən danışdı, 44 günlük Vətən müharibəsinin qələbə ilə sonlanmasında milli, vətənpərvər ruhlu gənclərin əzmkarlığını, fədakarlığını, qəhrəmanlığını xüsusi vurğuladı və qeyd etdi ki, gənclər böyüməkdə olan nəslə nümunə olmalıdırlar: 

“Gənclərin isə, yenə də deyirəm, bu sahədə rolu böyükdür. Bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. 

Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”. Gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsinə indiyədək həyata keçirilmiş proqram və layihələrin əhəmiyyəti böyükdür. 44 günlük Vətən müharibəsindəki şanlı qələbədən sonra bu tip layihələrin sayı daha da artıb. Bu isə onu göstərir ki, Azərbaycan dövləti əldə edilmiş nəticələrlə kifayətlənmək fikrində deyil, gənclər siyasəti daim prioritet olacaq. Gənclər siyasətində yay düşərgələrinin də rolu böyükdür. Bu günlərdə ölkənin ən böyük gənclər düşərgəsi “Yay Fest 2022” işə başlayıb. Bununla bağlı verilən məlumatda qeyd edilir ki, düşərgədə iştirak üçün 5 mindən çox gənc müraciət edib. İştirakçıların seçimləri, onlarla həm onlayn, həm də əyani görüşlər, müsahibələr mərhələli şəkildə aparılır.  Yay Festivalı 19 iyul - 9 sentyabr tarixlərini əhatə edəcək. Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (tələbəlik, vətənpərvərlik, yaradıcılıq, könüllülük, dayanıqlı inkişaf məqsədləri, innovasiya və sahibkarlıq, karyera və inkişaf, həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq.
 Gənclərin düşərgəyə böyük marağını nəzərə alan təşkilatçılar son dörd düşərgə üçün qeydiyyat müddətini avqustun 1-nə kimi uzadıb. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək “Yay Fest 2022”-də 2 min gənc iştirak edərək əylənəcək, öyrənəcək və yeni dostlar qazanacaqlar. Artıq ənənə halını almış və 3-cü ildir ki, təşkil edilən festivalda iştirak etmək istəyən gənclər http://yayfest.az/ veb-səhifəsi və ya GəncApp mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçə bilər. Çadır tipli düşərgə zamanı gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq havada dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələr, həvəskar idman yarışları, əyləncəli, intellektual oyunlar, peşəkar təlimlər, konsert proqramı, Şamaxının tarixi və mədəni abidələrinə ziyarətlər təşkil olunacaq, Vətən müharibəsi qaziləri ilə görüşlər keçiriləcək və Festival ərazisində xüsusi innovasiya guşəsi yaradılacaqdır. Düşərgələrdə fəal olan gənclər mükafatlandırılacaq və beynəlxalq tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər. Festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, Azərbaycan tarixi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Vətən müharibəsində qazandığı zəfərin geniş təbliği, ölkəmizin müxtəlif regionlarında yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir. Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.
 
 “Yay Fest-2022” Gənclər Düşərgəsi ilə bağlı fikirlərini “Şərq”lə bölüşən sosioloq Lalə Mehralı qeyd etdi ki, bu cür layihələr gənclərin formalaşmasında mühüm əhəmiyyət kəsb edir: 

- Düşərgənin proqramına baxdıqda məlum olur ki, məqsəd sadəcə dincəlmək, istirahət etmək deyil, məhz mənalı, gələcəyə hesablanmış, bəlli hədəfləri olan layihədir. Diqqətimi çəkən düşərgə iştirakçılarının şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə görüşlərinin təşkil ediləcəyi oldu. Bu, çox yaxşıdır. Gənclərimizin şanlı tariximizin canlı şahidləri ilə görüşməsi, ünsiyyətdə olması, vətənpərvərlik hisslərinin tərbiyəsində böyük əhəmiyyət daşıyır. Biz niyə hər zaman deyirik ki, uşaqlar, məktəblilər Şəhidlər Xiyabanlarını ziyarət etməlidir. İstər paytaxtda, istərsə də bölgələrdə. Azərbaycanımızın hər qarışı qəhrəmanlıq dastanları ilə zəngindir, torpağımızın hər qarışında qəhrəman övladlarımız uyuyur. Onların məzarlarını ziyarət etmək, şəhid ailələri ilə görüşmək insana tükənməz qürur hissi yaşadır. Bu hiss gənclərimizin milli-vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev Gənclər Forumunda çıxışı zamanı qeyd etdi ki, fəaliyyəti dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görülməsinə çalışıb. Və Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyətinin gənclər olması ilə fəxr etdiyini söylədi. Prezident dedi ki, “bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”. Müharibə bitibsə də, ölkəmizi sevməyənlər, uğurlarımıza sevinməyənlərin olduğunu hamımız bilirik. Heç bir siyasətdə, eləcə də gənclər siyasətində boşluğa yol vermək olmaz. Gənclərlə iş daimi olmaq üzrə, məqsədyönlü şəkildə aparılmalıdır. Əsas da əlbəttə ki, gənclərin milli ruhda, vətənpərvər ruhda yetişməsinin təmin edilməsidir.