Qadın sığınacaqları bələdiyyələrin tərkibində yaradılmalıdır

Məişət zorakılığından əziyyət çəkən insanlar üçün sığınacaqların sayı məsələsi hər zaman müzakirə predmeti olub

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

  Qadınlara qarşı zorakılıq cəmiyyətin problemidir. Dünyanın istənilən yerində qadınlar bu problemlə üzləşə bilir. Buna görə də, inkişaf etmiş ölkələrdə zorakılıq qurbanı olan qadınlar üçün sığınacaq evləri - reabilitasiya mərkəzləri yaradılıb. Şübhəsiz,  Azərbaycanda da  məişət zorakılığına məruz qalan qadınların sığındığı mərkəzlər var. Amma çox azdır.  Ümumiyyətlə, ölkəmizdə  məişət zorakılığı ilə üzləşən qadınların müdafiə və dəstəyi baxımdan boşluqlarımız çoxdur. Hüquqi qoruma qeyri-adekvatdır və məişət zorakılığı kimi hallarda qadınlar müdafiəsizdir. 

  Halbuki, “Ailə zorakılığı haqqında» qanunda ailə zorakılığına məruz qalmış qadınlar üçün sığınacağın açılması vacib hesab olunur. Bununla bağlı beynəlxalq qanun və Azərbaycanın öhdəliyi də var. Lakin proses çox zəif gedir. 

Ona görə də ailə daxilində qadınların döyülməsi faktları çoxalır, intiharların sayı artır. Sığınacağın olması ailə zorakılığına məruz qalmış insanların təhlükəsizliyini təmin edər. Beynəlxalq standartlara əsasən, hər 10 min nəfərə bir məişət zorakılığından zərərçəkmiş qadını öz uşağı ilə qəbul etmək qabiliyyətinə malik sığınacaqlar olmalıdır.

Qeyd edək ki, ictimaiyyət üzvləri, millət vəkilləri, hətta  hüquq-mühafizə orqanları da  qadın sığınacaqlarının  yaradılmasında maraqlıdır.  Məişət zorakılığına məruz qalan qadınlarla rastlaşan müvafiq şəxslər qeyri-hökumət təşkilatları ilə əlaqə saxlayıb, ailə zorakılığına məruz qalmış qadınların harada yerləşdirilməsinin mümkün olmasını soruşurlar. Qeyri-hökumət təşkilatlarının ianələr hesabına idarə etdiyi sığınacaqlarda isə yerlər məhdud olur. Müxtəlif  çətinliklər yaşanır. Geyim, ərzaq və s. ehtiyaclar üçün tez-tez elan verildiyinin şahidi oluruq. 

İanələr olmasa, o sığınacaqların durumu necə olacaq? Sığınacaqlardakı qadınlar bir çox hallarda işləyirlər, əl əməyi məhsullarını satışa çıxarırlar. Lakin etiraf edək ki, bu gəlir yetərli deyil. 

Bəzi qadınlar isə ümumiyyətlə, işləyə bilmirlər, çünki sığınacaqdan kənarda təhlükədədir. Heç olmasa, vacib ehtiyacları qarşılamaq üçün şəffaflığı təmin etmək məqsədilə dövlət dəstəyi olmalıdır.

  Elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da "Qadınların yerli idarəetmədə iştirakının artırılması" mövzusunda keçirilən tədbirdə bu məsələyə xüsusi diqqət çəkib. 

  Azərbaycanda qadın sığınacaqlarının sayının azlıq təşkil etməsini problem kimi qaldıran Komitə rəsmisi  bildirib ki, Zabratda olan qadın sığınacağı 30 qadının yerləşdirilməsi üçün nəzərdə tutulub: 

“Qeyri-hökumət təşkilatlarının yaratdığı sığınacaqlar olsa da, bu da kifayət qədər deyil. Burada bələdiyyələrin də üzərinə ciddi vəzifə düşür. Əvvəllər sığınacaqlar olmayıb.

 Risk qrupuna daxil olan, zorakılıq olan ailələrlə söhbətlər aparmaq lazımdır. Rayonlarda fəaliyyət göstərən ictimai təşkilatlar, ağsaqqallar, ağbirçəklər şurası bu işdə yaxından iştirak etməlidir. Belə ailələrlə görüşlər keçirilməlidir. Bu mövzuda könüllülərin da iştirakı təmin edilməlidir”.

  S.Qəhrəmanova əlavə edib ki, hazırda gender əsaslı komissiyaların fəaliyyəti bələdiyyələrdə pilot layihə olaraq həyata keçirilir:

“Hazırda Bakıxanov bələdiyyəsində gender komissiyası şöbə olaraq fəaliyyət göstərir, üzvləri məvacib alırlar. Onların fəaliyyəti də təqdirəlayiqdir. Bu, müsbət təcrübədir”.

  Qeyd edək ki, Azərbaycanda qadınlar çox zaman zorakılığa məruz qalmalarına göz yumurlar. Çünki onlar iqtisadi baxımdan kişidən asılıdırlar və buna görə də onlar boşandıqları təqdirdə tək qalacaqlarını və problemlərini həll edə bilməyəcəklərini düşünürlər. 

Onlarda bu şüuru formalaşdıran səbəb isə Azərbaycan cəmiyyətinin hazırkı reallığı işgəncələrə, təzyiqlərə məruz qalan qadınların sığınacaqlara üz tutmasını tam olaraq qəbul etməməsidir. 

Digər tərəfdən, bu sığınacaqlardan istifadə etməyə zərərçəkən qadınların özləri də hazır deyillər. Qadınların bəziləri məlumatsızlıq, bəziləri isə şiddət göstərən ailə üzvlərinin onu sığınacaqda da haqlayaraq, zorakılıq göstərə biləcəyindən qorxduğu üçün belə yerlərə yardım üçün müraciət etmirlər.

  "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, bütün problemlərin kökündə maliyyə vəsaiti dayanır:

 “Azərbaycan  bələdiyyələrinin gəlir imkanları zəif olduğundan onlardan bu qədər böyük bir yükün altına girməyi gözləmək olmaz. Bir çox ölkələrdə sığınacaqlar bələdiyyələrin tərkibində yaradılıb, amma ordakı bələdiyyələrlə bizimkilərin büdcələri eyni həcmdə deyil. 

Azərbaycanda bələdiyyələri bu işə cəlb etmək, onların nəzdində qadın sığınacaqları və ya digər sosial müdafiə mərkəzləri yaradılmasını istəyiriksə, ilk növbədə  bələdiyyələrin imtiyazları artırılmalı və onların gəlir imkanları genişləndirilməlidir. Qanunvericilik baxımından bələdiyyələrin bu işləri icra etməsində heç bir məhdudiyyət yoxdur”. 

  Millət vəkili Məlahət İbrahimqızı isə “Şərq”ə açıqlamasında deyib ki, məişət zorakılığından əziyyət çəkən insanlar üçün sığınacaqların sayı məsələsi hər zaman müzakirə predmeti olub: 

“Sədaqət xanım aidiyyəti qurumda səlahiyyətli şəxslərdən biridir. Hər halda  onun əlində konkret statistika var. Demək, ehtiyac var ki, belə bir açıqlama verib.  Mən də hesab edirəm ki, Azərbaycanda zorakılıq hallarına məruz qalan qadınların müdafiəsi məqsədi ilə  xüsusi sığınacaqlar ayrılmalıdır.

Bu təcrübənin bir çox dünya ölkələrində olduğunu nəzərə çatdıran M.İbrahimqızının fikrincə, məişət zorakılığından əziyyət çəkənlər üçün  bələdiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarətində qadın sığınacaqları  yaradıla bilər. 

Bu məsələ bir az həssas olduğundan sadəcə  könüllülərin iştirakı ilə həyata keçirilməsi bir o qədər də məqsədəuyğun deyil. Mütləq şəkildə dövlətin  nəzarəti olmalıdır”.