Sosioloqdan bu icra başçılarına ustad dərsi:“Bloqerə özünü təriflətmək köhnəlmiş üsuldur” - VİDEO

Bu günlərdə Salyan rayon icra hakimiyyətini başçısı Sevindik Hətəmovun maraqlı videosu yayılıb. Görüntülərdən aydın olur ki, bir şəxs durmadan başçıya tərif yağdırır, başçı da videonun çəkilməməsini istəyir. Video ilə bağlı sosial mediada, eləcə də ictimaiyyətdə  müxtəlif fikirlər səslədirilir. İddia olunur ki, video başçının  təklifi ilə özünüreklam məqsədilə çəkilib və hansısa filmdən səhnəciyi xatırladır.




Qeyd edək ki, bir neçə gün öncə bəzi icra başçılarının da  analoji video yayılıb. Sanki yeni bir “trend”ə qoşulurmuş kimi, qazilərlə rəqs edərək videolar çəkdirib sosial şəbəkələrdə paylaşdırıblar. 

İcra başçılarının əksəriyyətinin insanlarla işləmək təcrübəsinin olmadığını deyən sosioloq-alim Əhməd Qəşəmoğlu "Sherg.az"a bildirib ki, onlar öz nüfuzlarını artırmaq üçün cəmiyyətin tələb etdiyi metodlardan istifadə etməlidirlər:

"İndiki icra başçılarının sosial işin nə olması və idarəetmədə hansı metodlardan istifadə edilməsi barəsində məlumatları yoxdur. Hazırkı dövrdə cəmiyyət xeyli mürəkkəb və həssas olub. Bu zaman hansısa təşkilatın rəhbəri olmaq xüsusi elmi bacarıq tələb edir.Təəsüf ki, bizim icra başçılarında  və idarə rəhbərlərində sözügedən elmi bacarıq yoxdur. Onların özləri də bilmirlər ki, nəyi etsələr, onlara xeyirli olar. 

Sadəcə olaraq ağıllarına gələn üsullardan istifadə edirlər. Bloqerə özünü təriflətmək və hansısa jurnalistə haqqında yazı yazdırmaq köhnəlmiş üsuldur. Bu üsul 50 il öncədə qalıb. İndiki halda rəhbərlərin bütün fəaliyyətləri göz önündədir və bu fəaliyyətlər barəsində məlumat almaq üçün xeyli informasiya mənbələri var. İcra rəhbərləri bunları aydın təsəvvür etməlidir. İlk öncə onlar araşdırmalıdır ki, əhali ilə necə yaxşı münasibətlər yaratmaq və dil tapmaq olar".