Masallının sabiq icra başçısı Şahin Məmmədovun şəhid ailələri və digər sakinlər tərəfindən təntənə ilə yola salınması birmənalı qarşılanmayıb. Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən “tamaşa” adlandırılıb.
Qey edək ki, Şahin Məmmədov 19 il müddətində Samux, Ağcabədi və Masallı rayonlarında icra başçısı kimi fəaliyyət göstərib. Sonuncu iş yeri olan Masallı rayonunun icra başçılığından Prezident İlham Əliyevin sərəncamı ilə azad edilib.
Onun yerinə isə Araz Əhmədov təyin edilib.
Şahin Məmmədovun etdiyinin ədəbsizlik olduğunu deyən AĞ partiya sədri Tural Abbaslı "Sherg.az"a bildirib ki, hadisə böyük etimalla təşkil olunub:
"Görüntülərə baxarkən belə bir sual yaranır ki, əgər o bu qədər mükəmməl idisə, niyə vəzifəndən uzaqlaşdırılırdı. Şəhid ailələri başçının qapısında dayanmamışdılar ki, o çıxanda əl çalsınlar. Yaqin ki, hər birinə zəng olunub və təşkil edilib. Əslində burada siyasi gediş var. Böyük ehtimalla o, öz şanslarını saxlamaq istəyir. Göstərmək istəyir ki, mən yaxşı məmur olmuşam və yeni təyinatı gözləyirəm. Çün ki, xalq məni isti qarşılayır. Prezident səni vəzifədən uzaqlaşdırıbsa, “tamaşa” qurmağa ehtiyac yoxdur. Bəlkə, bir az da irəli gedib, etiraz təşkil edərdilər və yaxud deyərdi ki, mən çıxmıram xalq məni tələb edir. Bu nüanslara baxdıq da görüntülər mənə heç də səmimi gəlmir".