Bir an belə gözləmək olmaz

Narkoman ata-anaların övladları dərhal ailədən alınıb dövlət nəzarətinə verilməlidir

  Bakıda valideyn uşağına işgəncə verib. Nərimanov rayonunda yaşayan ailədə baş verən hadisəyə polis idarəsinin əməkdaşları müdaxilə edib. Nəticədə körpə ailədən alınıb.

  Məsələ ilə bağlı Lent.az-a danışan "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə körpənin hər iki valideyninin narkotik aludəçisi olduğunu deyib: 

"Uşağı gecə saatlarında Nərimanov rayon polis şöbəsinin əməkdaşları sığınacağa gətirib. Körpənin təxminən 2 yaşı olar. Bizdə olan məlumata görə, hər iki valideyn narkotik istifadəçisidir. Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edəcəyik ki, məsələni nəzarətə götürsün. Sosial Xidmətlər Agentliyi tərəfindən ailə qiymətləndirilsin. Uşağın əlində yaralar var. Ehtimal edirik ki, baxımsızlıq səbəbindən yaralar yaranıb. Bilmirik, bəlkə də, uşağa nə isə ediblər. Çünki ilk dəfə deyil. Körpəni tibbi müayinədən keçirəcəyik. Onda hər şey tam dəqiq bilinəcək".

  Sosioloq Qərib Babayev hesab edir ki, narkotikdən əziyyət çəkənlər arasında valideynlərin də olması cəmiyyət üçün daha böyük faciələrə yol açır. Son günlərdə mediada narkoman valideyn tərəfindən atılan körpələrlə bağlı bir neçə məlumat yayımlanıb: 

“Fikrimcə, narkoman ata- anaların övladları ailədən alınıb dövlət nəzarətinə verilməlidir, bu birmənalıdır, gözləmək olmaz. Atanın, ya da ananın nə zamansa içdiyi maddənin təsiri altında gözü dönüb o uşağı öldürməyəcəyi, səfalətlərə salmayacağı nə məlum. Onları diləndirməyəcəyi, narkotika üçün pul tapıb gətirsin deyə oğurluğa məcbur etməyəcəyi zəmanətlidirmi? Və nəhayət, o uşaqların da böyüklərdən görüb-götürdüyünü davam etdirməyəcəyini bilmirikmi? Övlada həsrət o qədər ailələr varkən bir körpənin, bir insanın belə mühitdə çürüyüb getməsinə göz yummaq olmaz”.

  Sosioloqun sözlərinə görə, ölkədə narkotik maddələrin istifadəsinin qarşısını almaq üçün kifayət qədər qadağalar olsa da, onların çoxu işləmir:

 "Narkomaniya pislənilsə də, biz belə şəxslərin sayının artmasının şahidiyik. Demək ki, maarifləndirmə proqramı düzgün deyil. Çünki hansısa əhəmiyyətli bir işin icrası ilə mütəxəssislər deyil, bu işdən birbaşa olaraq başı çıxmayan şəxslər məşğul olurlar və bu, bir tendensiyaya çevrilib. Ümumiyyətlə, maarifləndirmə o demək deyil ki, televiziyaya çıxıb deməlisən ki, narkotik pisdir, onu qəbul etməyin. Bunun üçün ayrıca psixoloqa, mütəxəssisə, həkimə, ictimai xadimə də ehtiyac var. 

Maarifləndirmə işlərinə başlamazdan öncə problemin nədə olduğunu öyrənmək lazımdır. Ümumilikdə problemin kökünü tapmaq lazımdır. Bundan başqa, yeniyetmələrin bu cür bəlalardan qorunması üçün tövsiyələrlə əməlin uyğunluq təşkil etməsi də önəmlidir”.