İlkin hərbi qeydiyyata alınanlar narkoloji müayinədən keçəcək

“Bu  dəyişikliyin zəruriliyi tək xidmətə çağırılanlara aid deyil”

Azad İsazadə: “Orduda da xidmət edən hərbçilər arasında bu kimi hallara bulaşmış şəxslər ola bilər”


  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı, icbari narkoloji müayinəyə göndəriləcək.
Bu, Nazirlər Kabinetinin müvafiq qərarlarına edilən dəyişiklikdə əksini tapıb.
  Qərara əsasən, hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün icbari narkoloji müayinəyə göndərilə bilər. Eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sağlamlığının yoxlanması qaydasına kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə müvafiq qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçmələri ilə bağlı müddəa əlavə edilib.
Ekspertlərin fikrincə, əgər mülki həyatda biz bunun qarşısını ala bilmiriksə, hansısa yolla orduya keçməsinin də qarşısını almalıyıq. Bunun tam sıfırlanması mümkün olmasa da, çağırışçıların 80-90 faizini bu aktla sığortalamaq olacaq. Həm də çağırışçılara ilkin mərhələdə gözəl mesaj olacaq ki, mülki həyatda narkotikə bulaşacaqsınızsa, bilin ki, qarşınıza belə problem çıxa bilər.

  Dəyişiklikləri “Şərq”ə şərh edən hərbi ekspert Azad İsazadə deyib ki, Azərbaycanda belə bir təcrübə var. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ildə bir dəfə narkoloji müayinədən keçirilir.

 Müayinə zamanı da bir neçə nəfərin sidiyində narkotik maddə elementləri çıxdığına görə vəzifədən azad edilir. İctimai nəqliyyatın sürücülərinin də il ərzində narkotik maddə istifadəçisi olub-olmadığını müəyyənləşdirmək üçün test edirlər. 

  Sözügedən dəyişiklikləri müsbət dəyərləndirən ekspert  bu ideyanın Azərbaycan Ordusu və ümumilikdə ölkəmiz haqqında mənfi imic yaradacağını iddia edən şəxslərlə razılaşmadığını deyib: 

“Bu cür müayinələrin aparılması baş verə biləcək hansısa təhlükənin də qarşısının alınmasında mühüm rol oynaya bilər. Narkotik maddə aludəçisinin silah daşıması qəbuledilməzdir”.

  Qərb ölkələrində hərbçilərin icbari psixoloji müayinədən keçirildiyini xatırladan. A.İsazadə deyib ki, psixoloji durumu yerində olmayan insanın orduda xidmət etməsi də arzuolunan deyil: 

"Səhv etmirəmsə, ABŞ-da  psixoloji vəziyyəti yerində olmayan bir zabit affekt vəziyyətində zabit yoldaşlarını güllələmişdi. Bu  dəyişikliyin zəruriliyi tək xidmətə çağırılanlara aid deyil. Orduda da xidmət edən hərbçilər arasında bu kimi hallara bulaşmış şəxslər ola bilər. Ona görə ordunun içərisində də tibbi müayinənin keçirilməsində fayda var. Çünki hərbçilər hər zaman mülki əhali ilə təmasdadırlar və qarşılarına narkotikə bulaşma məsələləri çıxa bilər və daimi heyətdən də kimsə buna bulaşa bilər. Ona görə də bu qanunun qəbulu zamanın tələbidir”.