Cəza sərtləşdirilməlidir

Nömrəsiz avtomobil idarə edənlərə güzəşt olmamalıdır


  Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində nəzarət tədbirləri keçirilib.
  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Şərq"ə verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı üzərində dövlət nömrə nişanı olmadan hərəkətdə olan nəqliyyat vasitələri saxlanılıb. 

Törətdikləri qayda pozuntularına görə məsuliyyətdən yayınmağa çalışan həmin sürücülərlə profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Barələrində müvafiq tədbirlər görülməklə inzibati məsuliyyətə cəlb olunublar.

  Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,  nömrəsiz avtomobil idarə edən  sürücülər bu hərəkəti ilə böyük məsuliyyətsizliyə yol verir: 

“Bütün avtomobillər dövlət qeydiyyatına alınmalı, nömrə verilməlidir. Dövlət nömrə nişanı olmayan avtomobillə heç bir sürücü yola çıxa bilməz.

  Nömrəsiz avtomobillərlə yol verilən qayda pozuntuları təkcə avtomobil sahibinin yox, elə yol polislərinin də işini xeyli çətinləşdirir. Son dövrlər belə hallara yol verən sürücülərin sayının artmasının əsas səbəbi qanunvericilikdə kifayət qədər sərt cəza tədbirinin olmamasıdır. Belə avtomobil sürənlərə qarşı hər hansı güzəşt edilməməlidir. 

Belə hallara yol verənlərə qarşı cərimə 60 manatdır və avtomobil mütləq cərimə meydançasına qoyulmalıdır. Sizcə, həmin şəxs cərimədən qorxmur, pulu o qədərmi çoxdur? Hətta imkanlı şəxs olsa belə həmin avtomobil cərimə meydançasına qoyulur və buraxılmır”.