Əliməmməd Nuriyev: "Nə qədər ki, insanlarımız korrupsiyanın oğurluq olduğunu dərk etməyiblər, biz bu kimi faktlarla çox qarşılaşacağıq"
İctimai və dövlət maraqlarının müdafiəsi
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə yol verən vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir. Azərbaycan Prezidentinin korrupsiya və rüşvət hallarına qarşı barışmaz mövqeyi son günlər bir neçə bölgədə həyata keçirilən xüsusi əməliyyat tədbirləri ilə bir daha özünü göstərmiş oldu. Bəzi rayonların icra başçıları, icra hakimiyyəti nümayəndələrinin həbsi, barələrində istintaq hərəkətlərinə başlanması deyilənlərə sübutdur. Həyata keçirilən anti-korrupsiya tədbirləri ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir.
İndiyədək vəzifəli şəxslərdən bir çoxu, bir neçə rayonun icra başçıları korrupsiyaya yol verdiklərinə görə məsuliyyətə cəlb olunub. Əlbəttə, vəzifəli şəxsin korrupsiyaya bulaşması, vətəndaşların problemlərini həll etməməsi və ya rüşvət müqabilində həll etməyə cəhd göstərməsi vətəndaş inamını azaldan amildir. Dövlət başçısı da məhz buna görə korrupsiya ilə mübarizəni dövlətçiliyin vacib elementi kimi vurğulayır, bu işdə ictimaiyyətin aktiv olmasını, rastlaşılan korrupsiya halları ilə bağlı aidiyyəti orqanlara dərhal məlumat çatdırılmasını vətəndaşlara tövsiyə edir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu dəfə Şəmkir rayonunda əməliyyat keçirib. Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin aprel ayında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.
Sərəncamda qeyd edilirdi ki, Fəaliyyət Planının təsdiqi dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi daşıyır.
Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin effektivliyinin təmin edilməsi şərtlərindən biri də bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığının təmin edilməsidir. Çünki təcrübə göstərir ki, cəmiyyətə xas problemlərin həllində birtərəfli yanaşma heç də hər zaman effektiv olmur.
Təbii ki, bu kimi dərin tarixi köklərə, formalaşmış təcrübəyə və xüsusilə də maddi üstünlükləri təmin edə bilən əməllərə qarşı sadəcə administrativ üsullarla mübarizə aparılmasının son nəticəyə təsir imkanları az olur. Məhz bu səbəbdəndir ki, korrupsiya ilə mübarizədə vətəndaşlar da ən az dövlət qədər məsul olmalı, hökumət isə bu iştirakçılığa şərait yaratmalıdır. Diqqət çəkən həm də budur ki, Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılmalıdır. Bu da onu göstərir ki, cənab Prezident indiyədək olduğu kimi bundan sonra da dövlət maraqlarının təminatında ictimaiyyətə güvənir, ictimaiyyətdən gələn mesajları diqqətə alır, qərarların qəbulunda ictimaiyyətin maraqlarını dövlət maraqlarından ayırmır. Əslində, cənab Prezidentin çıxışlarına, əhali ilə görüşləri zamanı səsləndirdiyi fikirləri xatırlasaq, dövlət başçısının ən dolğun informasiyaları məhz ictimaiyyətdən aldığını görərik. Prezident özü bunu dəfələrlə bəyan edib. Korrupsiyaya qarşı mübarizədə biz bunun şahidi oluruq. Korrupsioner məmurların ifşa olunmasında, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutanların əməllərinin üzə çıxarılmasında ictimaiyyətdən – vətəndaşlardan daxil olan şikayətlər əsas götürülür.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında vəzifəsindən sui-istifadə edənlərə qarşı sərt tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyib:
“Cənab Prezident istər hökumət nümayəndələri ilə keçirilən müşavirələrdə, istərsə də vətəndaşlarla görüşləri zamanı həmişə vurğulayır ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə heç bir güzəşt olmayacaq və onlar qanunla cəzalanacaqlar. Həbslər, vəzifədən kənarlaşdırmalar bir daha onu göstərdi ki, ölkədə siyasi iradə var.
Təəssüf ki, korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində əldə olunan nəticələr, xüsusilə ölkənin müxtəlif bölgələrində neqativ hallarda və qanunazidd əməllərdə, o cümlədən özbaşınalıq və mənimsəmədə şübhəli bilinən yerli icra hakimiyyəti orqanları nümayəndələrinin hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılması bir daha göstərdi ki, ölkə başçısının dəfələrlə məmurlara ünvanlanmış çağırışlarına əhəmiyyət verməyənlər var. Özünü xalqın xidmətçisi hesab etməyən məmurlar yaranmış imkandan hər vəchlə faydalanmağı, xalqın malını mənimsəməyi bütün ülvi prinsiplərdən və qanunçuluqdan üstün tuturlar. Bu şəxslər nəinki kiminsə haqqını mənimsəyir, onların bu kimi əməlləri həm də dövlətçiliyi təhdid altına alan ciddi təhlükədir”.
Ə.Nuriyev bildirib ki, korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi ilə dövlət başçısının konkret tövsiyələri var: “Ölkəmizdə ictimai nəzarətin hüquqi əsasları və institutları mövcuddur. Sadəcə, bu sahədə fəallığın artırılması gərəkdir. Dövlət qurumları yanında yaradılan ictimai şuraların fəaliyyəti prosesin daha çevik aparılmasına kömək edə bilər. İctimai nəzarətsə mütəmadi, davamlı olmalıdır. Məsələn, hazırda Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələlərinin nəzarətdə saxlanılmasında vətəndaşlar aktiv olmalıdırlar. Çünki bu, bizim hamımızın ümumi işimizdir. İqtisadi inkişafdan qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranır. Vətəndaş müraciətləri əsasında prokurorluq orqanları, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi əməliyyatlar keçirir. Bu cür müraciətlər bütün sahələrə aid olmalıdır. Vətəndaş harada dövlət maraqlarının, ictimai maraqların zərbə altında qaldığını görürsə, əlində dəqiq informasiyalar varsa, əlaqədar orqanlara məlumat verməlidir. Bunu bizdən dövlətimiz tələb edir”.
Ə.Nuriyevin sözlərinə görə, korrupsiyaya qarşı mübarizəni effektiv etmək üçün həm preventiv üsullardan istifadə etmək, önləyici tədbirlər, sistem dəyişiklikləri həyata keçirilməlidir, həm də korrupsionerlərin həbsi vacibdir. Biz hər dəfə ayrı-ayrı yüksək və ya aşağı vəzifəli məmurların həbsini görürük: “Lakin dünya təcrübəsi də göstərir ki, korrupsiyaya qarşı mübarizə sistemli və institutlaşmış formada aparıldıqda yüksək nəticələr əldə etmək mümkün olur. Sadəcə, inzibati tədbirlərlə kifayətlənmək olmaz. Ölkədə antikorrupsiya mədəniyyətini təkmilləşdirmək lazımdır. Nə qədər ki, insanlarımız korrupsiyanın oğurluq olduğunu dərk etməyiblər, biz bu kimi faktlarla çox qarşılaşacağıq. Yəni biz bu cür həbslərə ayrı-ayrı fərdlər yox, hadisələr və əməllər baxımından yanaşmalıyıq”.
Fond prezidenti hesab edir ki, bir çox məmurlar yerli icra hakimiyyətləri haqqında əsasnamədə müəyyənləşdirilən hüquq və vəzifələrinin öhdəsindən gələ bilmirlər, məsuliyyətlərini itiriblər:
“İnandırım sizi ki, həbs olunan şəxslər ölkəmizdə vəzifə səlahiyyətlərini aşan və rüşvət alan, vətəndaşların haqqını yeyən insanların yüzdən biridir”.