Seyid Camal Əzimbəyli: "Hesab edirəm ki, dinlə bağlı toplantılarda, yas məclislərində dualar Azərbaycan dilində edilsin"
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
“Diləkləri öz dilində diləmək, istədiklərini öz dilində istəmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqbul görünüyor”. Bu fikirlər Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “İslam dini və ana dili” məqaləsində öz əksini tapıb. Deməli, böyük mütəfəkkir hələ 20-ci əsrin əvvəllərində günümüz üçün də aktual olan "namaz ana dilində qılınmalıdırmı" sualına aydınlıq gətirib.
Amma buna rəğmən hələ də ölkənin din xadimləri, ilahiyyatçıları və ümumilikdə ölkə ictimaiyyəti səviyyəsində bu məsələ yenidən ciddi müzakirə obyektinə çevrilib. Hər nə qədər çoxluq “Namaz milli dildə olmalıdır” fikri üzərində dayansa da, islam dininin milliləşdirilməsi məsələsinə dindarların yanaşması fərqlidir. İddia edirlər ki, islam qardaşlıq, sülh və birlik dinidir. "Qurani-Kərim" ərəbcə nazil olduğu üçün 15 əsrdir ki, ərəb dili həm də islam dili kimi qəbul edilir.
Məzhəb imamlarının fikirlərinə gəlincə, qeyd edək ki, islam hüquqşünaslarının (fəqihlər) əksəriyyətinə görə, namazda ana dildə qiraət yalnız müvəqqəti olaraq mümkündür: “Fatihə” surəsini bilməyən bir müsəlman yalnız onu öyrənənə qədər müvəqqəti olaraq öz ana dilində tərcüməsi ilə namaz qıla bilər.
“Namazın müəyyən proseduru ərəb dilində nəzərdə tutulduğuna görə elə qılınır. Bu, qardaş Türkiyədə də 60-70 il öncə aktual müzakirə mövzusu idi. Amma həyatda yerini tapmadı. Bu, insanların hürr iradəsi və dinin tələbi ilə bağlı məsələdir. Kim istəyirsə, öz dilində ayrıca dualarını edir. Dəyişiklik etmək, məncə, əlavə problemlər ortaya çıxarmaq deməkdir.
Tanıdığım çox dəyərli, dürüst insanlar var ki, onların bəziləri namazını Azərbaycan dilində qılır. Əsas odur ki, təmiz niyyətlə namazını qılasan. Yoxsa günlərdir oturub namaz qılasan, amma ən pis davranışlar sərgiləyəsən, islamın prinsiplərinə zidd olaraq vəhşilik, başkəsənlik, zorakılıq edəsən. Bunların hamısı daha çox problem yaradır. Ona görə də namazın hansı dildə qılınmasından daha çox niyyətin təmizliyi önəmlidir”.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycanda ənənəyə görə namaz ərəb dilində qılınırsa, burada hər hansı dəyişiklik etməyə lüzum yoxdur: “Mən özüm də namazımı ərəbcə qılıram. Dualarımı isə öz dilimdə edirəm. Dini ümumi qəbul ediriksə, bu, ərəb dilində göndərilibsə, onda müəyyən qaydalarını da gözləməliyik. Amma ərəb dilini bilmədən “Quran” oxuyanlar həmişə mənə bir az qəribə gəlir.
Avazla, yaxud səslə “Quran”a saatlarla vaxtını sərf edən insanlar “Quran”ın təcüməsini oxumurlar. “Quran” anlayasınız deyə sizə hər şeydə xitab edir, əsas hədəfi budur. Həmişə tövsiyə edirəm ki, anlamadığınız şeyi oxumağınız doğru deyil. Namazda bir ayəni, yaxud surəni hansısa bir şəkildə ifadə edirsənsə, onu anlamaq mümkündür, çünki tərcüməsi var, bunu bilə bilərsən. Amma bütöv bir kitabı hamının anlaması mümkün deyil. Ona görə də tələb qoymalıyıq ki, bütün məclislərdə insanlar “Quran”ı əsasən məalı, təfsiri olan variantdan oxusunlar. Bu, daha faydalı olar. Ümumiyyətlə, namazın öz dilimizdə qılınması məsələsini fikir olaraq kimlərsə səsləndirə bilər, lakin mahiyyətcə indi bu məsələlərə toxunmamaq daha məqsədəuyğun olar”.
Şərqşünas Seyid Camal Əzimbəyli isə “Şərq”ə açıqlamasında dünyada dini, milli tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanda ölkə ictimaiyyətinin bu cür mövzuları müzakirə obyektinə çevirməsinin təqdirəlayiq hal olmadığını deyib:
“Neçə illərdir Azərbaycanın dini mühitində milli-mənəvi, mədəni irsimizin, islami dəyərlərin topluma daha düzgün formada çatdırılması istiqamətində mücadilə edən bir ziyalı olaraq bu məsələnin üzərinə gedilməsini yersiz hesab edirəm. Elə dəyərlər var ki, onlar toxunulmazdır. İslami dəyərlər də məhz bu kateqoriyaya aiddir. Dini dözümlülük xalqımızın milli-mənəvi sərvəti kimi, dini-mədəni həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır. Tolerant mühitdə dini konfessiyalar arasında qarşılıqlı əməkdaşlıq möhkəmlənir, dini müxtəliflik qorunur və dinlərarası dialoq inkişaf edir.
Azərbaycan əhalisinin tərkibi dini baxımdan zənginliyi ilə seçilir. Dini tolerantlığa bağlılıq xalqımızın milli-mənəvi dəyərlərindən irəli gəlir və onun əsasında islami dəyərlərə hörmətlə yanaşmaq ənənəsi formalaşıb”.
Şərqşünas duaların Azərbaycan dilində edilməsində heç bir qəbahət və ya qüsur görmədiyini deyib:
“Duanın dili yoxdur. Hər millət öz dilində arzularını, istəklərini dilə gətirə, dualar edə bilər. 6 ildir "Space" telekanalında yayımlanan və müəllifi olduğum “İnam” verilişində bütün dualarımı məhz ana dilində edirəm.
Bu, normaldır, hətta zəruridir. Bir də görürsən ki, məclislərdə mollalar dualarını ərəb dilində edir və “Amin” deyib salavat çəkir. Məclisdə oturan insanların isə əksəriyyəti onun nə dediyini anlamır və mənasını başa düşmədiyi duaya o da “Amin” deyir.
Hesab edirəm ki, dinlə bağlı toplantılarda, yas məclislərində dualar Azərbaycan dilində edilsin. Amma namazın Azərbaycan dilində icrası yolverilməzdir. Namaz dua deyil, ibadətdir. İbadətin isə öz qaydaları var və onlar qorunmalıdır. Bu, 1400 ildir qorunub saxlanılan islam dəyərlərinin zədələnməsinə, dini mühitdə təfriqəyə səbəb ola bilər. Biz bu cığırın genişləndirilməsinə imkan verməməliyik. Məni tanıyanlar bilir ki, hər zaman dini dəyərlərlə yanaşı milli şüur və məfkurəmizə xidmət etmişəm. Mənim üçün milli dəyərlərlə, dini dəyərlər vəhdət rolu oynayıb.
Azərbaycançılıq milli ideologiyasını hər şeydən üstün tutmuşam. Lakin bir inanclı ziyalı olaraq əsrlərdir qorunub saxlanan dini prinsiplərin pozulmasına müsbət yanaşmıram. Namazı ərəb dilində qılmaq heç də ərəb sevdasından irəli gəlmir.
Özünü millətçi, milli məfkurə adamı kimi göstərib gündəmə gəlmək istəyən insanlar bu cür çağırışlar edirlər. Halbuki, bu çağırışlar ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində keçirilən bütün tədbirlərə kölgə salmaqdan başqa bir şey deyil.
Xatırlayıram, 20 il əvvəl də bu məsələ müzakirə edilirdi, 10 il əvvəl də gündəm mövzusuna çevrilmişdi. Amma bütün cəhdləri uğursuz olub. Bu dəfə də istəklərinə nail ola bilməyəcəklər. Dini dəyərlərimizdən, islamın təməl prinsiplərindən, “Qurani Kərim”in hökmlərindən xəbərsiz olan adamların bu yöndə fikir bildirməsi, “Namaz mütləq ana dilində qılınmalıdır” deməsi və bunu ictimai şüura daşıması həm də bir əxlaq məsələsidir”.