"Ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar"
"Növbəti “Qisas” əməliyyatı ilə erməni təxribatına son verilməli, ekologiyaya vurulan zərərin qarşısı alınmalıdır"
Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb. Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycan Respublikasının Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir.
Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər:
“Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı narahatlığımızı bildiririk. Məlumat üçün qeyd edək ki, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın müvafiq bəndlərinə uyğun olaraq Laçın rayonu və onun ətrafında olan ərazilər Azərbaycana təhvil verilməli idi. Bu proses hazırda yekunlaşmaq üzrədir və 2022-ci ilin avqust ayının sonuna kimi həmin ərazidə qanunsuz məskunlaşmış insanlar kimliyindən asılı olmayaraq bölgədən çıxarılmalıdır. Laçın rayonu və ətraf kəndlərdə 30 ilə yaxın müddətdə qanunsuz yaşamış bu şəxslər ərazini tərk edərkən ətrafdakı uzun əsrlik meşələri yandırır və ekoloji terror törədirlər. İşğal dövründə Topxana meşələrindən başlayaraq Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandıran, Üçtərəfli bəyanatdan sonra Kəlbəcər və digər ərazilərimizdən çıxarkən meşələri, evləri, tarixi-mədəni abidələri məhv etməklə kifayətlənməyən ermənilər indi də Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vururlar. Ən dəhşətlisi isə budur ki, yerin üstünü vandalcasına məhv etdikləri az deyilmiş kimi yerin altını da başdan-başa minalarla çirkləndirirlər.
Bu gün Azərbaycan torpaqlarında törədilən bu çirkin əməllər təkcə Azərbaycan xalqına qarşı deyil, külli-bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir.
Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.
Biz bir qrup vətəndaş cəmiyyəti təşkilatları olaraq erməni əhalisinin Laçın rayonu və bütövlükdə Qarabağ ərazilərində apardıqları ekoloji terroru pisləyir və beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəyərləndirmə aparmalarını, eləcə də bu qeyri-insani əməllərin beynəlxalq səviyyədə qınanmasına dəstək göstərmələrini xahiş edirik”. Müraciəti 18 QHT sədri imzalayıb.
Hərbi və siyasi ekspertlər isə hesab edir ki, növbəti “Qisas” əməliyyatı ilə ermənilərə göz dağı vermək, törətdikləri vandalizmin cəzasını ordumuzun əli ilə vermək lazımdır.
Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında Laçında və ətraf ərazilərdə törədilən ekoloji terror ilə əlaqədar yerli QHT-lərin beynəlxalq təşkilatlara ünvanladığı müraciətin cavabsız qalacağını deyib:
“Azərbaycan dövləti bu məsələ ilə bağlı rəsmi İrəvana nota verib, lakin proseslərin davam etməsi onu göstərir ki, Ermənistan dövləti yanğınlara seyrçi qalmağa üstünlük verib.
Hətta Ermənistan parlamentinin revanşist deputatları da Laçına gələrək erməniləri daha da qızışdırır, onları növbəti təxribatlara əl atmağa sövq edirlər. Laçından köçürülən ermənilərin evləri yandırıb, meşələrə od vurması ölkəmizin ekologiyası və infrastrukturuna ziyan vurması yolverilməzdir.
Bununla bağlı geosiyasi gücləri, beynəlxalq təşkilatları məlumatlandırmaq, törədilən cinayət aktlarını onlara təqdim etmək lazımdır, sadəcə, görüntü xatirinə.
Erməni vandalizminin qarşısını almaq üçün hərbi təzyiqlərdən istifadə edilməlidir”.
Politoloqun sözlərinə görə, Laçın və Zabuxda evlərin, meşələrin yandırılması sıradan bir hadisə deyil və Azərbaycan tərəfi bununla bağlı ciddi ölçü götürməlidir. Növbəti “Qisas” əməliyyatı ilə erməni təxribatına son verilməli, ekologiyaya vurulan zərərin qarşısı alınmalıdır.