Cümşüd Nuriyev: "Agentlik, nazirlik, komitələrdə və yerlərdə qadın məmurların sayını çoxaltmalıyıq"
"Səhiyyə naziri, təhsil naziri qadın olsaydı, daha yaxşı olardı. Niyə xarici işlər nazirimiz qadın olmasın? Azərbaycanın çox peşəkar, diplomatiya sahəsini yaxşı bilən xanımları var"
Gender bərabərliyi Azərbaycan dövlətinin siyasətində həmişə önəmli yer tutub. Artıq gender bərabərliyi Azərbaycan cəmiyyətində mühüm amil kimi qəbul edilir. Ümumən, hesab edilir ki, cəmiyyətin hərtərəfli inkişafı üçün qadınların fəallığı vacibdir. Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından da danışmaq olmaz. O baxımdan qadınların özünə inamı, peşəsini düzgün seçməsi olduqca əhəmiyyət kəsb edir. Səhiyyə, təhsil, mədəniyyət və s. sahələrdə qadınların sayı kişilərə nisbətən daha çoxdur. Amma yuxarı vəzifələrdə qadınların sayının az olduğu deyilir. Əslində, Azərbaycanda qadınların işlə təminatında heç bir problem yoxdur. Müxtəlif bilikləri, bacarıqları, peşə vərdişləri olan qadınlar iş tapmaqda çətinlik çəkmirlər. Başlıca problem qadınların rəhbər vəzifələr tutması və biznes sektorunda daha çox uğurlar əldə etməsi ilə bağlıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihələri çərçivəsində 6200 nəfər qadın müxtəlif mövzularda təlim və tədbirlərə cəlb olunub. 400 qadın biznes fəaliyyətinə başlayıb, 25 qadın əlavə iş yeri ilə təmin olunub. Komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı ilə birgə yaratdığı Göyçay rayonu Qadın Resurs Mərkəzi “Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində icra olunub. 2020-2021-ci illəri əhatə edən layihə çərçivəsində Göyçay rayonundan həssas qrupdan olan 28 nəfər qadına biznes fəaliyyətinə başlaması üçün qeyri pul şəklində dəstək göstərilib. Tovuz rayonu Qadın Resurs Mərkəzinin “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində 60 qadına biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri pul şəklində dəstək göstərilib. Onlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunublar. Komitədən verilən məlumatda bildirilib ki, sahibkarlıq fəaliyyətinə başlayan qadınların 95 faizi aktiv fəaliyyət göstərərək bizneslərini davam etdiriblər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə muzdlu işçilərin 39.5 faizini qadınlar təşkil edib. Komitənin məlumatına görə, ölkədə qadınların daha çox işlədiyi sahələr təhsil, səhiyyə, əyləncə və turizmdir. Yüksək vəzifələrə gəldikdə isə, son 30 ildə Azərbaycanın bir qadın naziri olub. Natəvan Qədimova 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin olunub. DSK-nın son açıqladığı məlumata görə, hazırda ölkədə nazir müavini olan qadınların sayı 8, qadın dövlət komitəsi sədrlərinin sayı 2, qadın dövlət komitəsi sədr müavinlərinin sayı 3, yerli icra başçılarının müavinlərinin sayı 72, ombudsmanların (Naxçıvan MR daxil olmaqla) sayı 2-dir. Öncəki illərlə müqayisədə də qadın hakimlərin sayında artım olub. Müxtəlif illərə nəzər saldıqda, müsbət tendensiyalardan biri olaraq parlamentdə qadın təmsilçilərin sayının artması da görünür. Məsələ bir müddət öncə millət vəkili Qüdrət Həsənquliyev tərəfindən də gündəmə gətirilmişdi. Deputat vurğulamışdı ki, Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır ki, gənc xanımlar üçün də iş imkanları genişlənsin: “Bizdə cəmi bir xanım icra başçısı var. Biz şərqdə ilk dəfə qadınlara səs vermək hüququ verən xalqıq. Məncə, kvorum olmalıdır. Qadınlar cəmiyyətin bütün institutlarında işləməlidir. Çox yaxşı haldır ki, Azərbaycanda Birinci vitse-prezident, eləcə də Milli Məclisin sədri xanımdır. Hesab edirəm ki, biz bu sahəyə xüsusi diqqət ayırmalı, xanımlarımız üçün iş imkanlarını genişləndirməliyik”. Deputat Məlahət İbrahimqızı isə hesab edir ki, ölkədə qadınlarla bağlı kvota sistemi olmasa da, bütün iş sahələrində qadınlar təmsil olunur. Onun sözlərinə görə, icra hakimiyyəti orqanlarında birinci şəxs olmadığı halda, ikinci şəxs qadınlardır. Humanitar sahələrdə - mədəniyyət, səhiyyə, təhsil kimi sahələrdə qadınların təmsilçiliyi 70-80 faizdir. Bu gün ölkədə yaradılan yeni iş yerlərində, Qarabağda aparılan quruculuq işlərində, regionların sosial-iqtisadi inkişaf proqramlarında qadınlar işlə təmin olunur”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev də “Sherg.az"a açıqlamasında yüksək vəzifə məsələsində gender bərabərliyinin pozulduğunu deyib. Professorun sözlərinə görə, Azərbaycanda cəmi 4-5 vəzifəli xanım var. Onlar Birinci vitse-prezident, Milli Məclisin sədri, Ombudsman, Komitə sədri, bir də Dövlət İmtahan Mərkəzinin rəhbəridir: “İcra başçıları arasında bir xanım var idi, artıq o da vəzifədə deyil. Bildiyimə görə, hazırda icra başçısı vəzifəsini icra edən qadın yoxdur. Təhsil və səhiyyədə qadınların çox olması, əsasən məktəb direktorlarının, müəllimlərin əksəriyyətinin xanımlardan ibarət olması faktı reallıqdır. Əslində gender bərabərliyi burada da pozulur. Haşiyə çıxaraq qeyd edim ki, vaxtı ilə məktəb rəhbərlikləri arasında kişilərin sayı daha çox idi. Amma indi bunun əksi müşahidə olunur. Sözün açığı, bir müəllim olaraq bunu doğru saymıram və müəyyən fəsadlarının olacağını düşünürəm. Əgər bu qorxulu tendensiya davam edərsə, orta məktəbləri bitirən gənc oğlanlarda qadın xüsusiyyətləri formalaşacaq. “Azərbaycanda niyə yüksək vəzifədə qadınlar yoxdur” sualı ətrafında müzakirələr aparmaq olar. Məsələn, səhiyyə naziri, təhsil naziri qadın olsaydı, daha yaxşı olardı. Niyə xarici işlər nazirimiz qadın olmasın? Azərbaycanın çox peşəkar, diplomatiya sahəsini yaxşı bilən xanımları var. Ən azından nazirin birinci müavini qadın ola bilər. Hüquq-mühafizə orqanlarında da kişilər üstünlük təşkil edir. İcra hakimiyyətinin başçılarının azı 20-30 faizi qadınlardan ibarət olmalıdır. Dövlət agentliklərində də qadın “qıtlığıdır”. Bir neçə nazir müavinləri arasında xanımlar var, amma ümumi say çox aşağıdır”.
C.Nuriyevin fikrincə, problemi yaradan müəyyən səbəblər var: “Azərbaycanın müsəlman ölkəsi olması, şərqli düşüncəmiz, bəzi hallarda qadınların hüquqlarının pozulması bu kimi problemlərə yol aça bilər. Əlbəttə, mövcud görüntünü dəyişmək lazımdır və bu, mümkündür. Agentlik, nazirlik, komitələrdə və yerlərdə qadın məmurların sayını çoxaltmalıyıq. Xanımlarımıza yüksək vəzifələri həvalə etməliyik. Necə olur ki, ailəmizi, uşaqlarımızı qadınlarımıza könül rahatlığı ilə etibar edirik, ancaq dövlət vəzifələrində təmsil olunmalarına qısqanclıqla yanaşırıq?! Vəzifələrdə irəli çəkilənlərin arasında qadınlar daha çox olmalıdır. Azərbaycan dünyəvi, demokratik dövlətdir. Multikulturalizm, tolerantlıqla bağlı kifayət qədər böyük imicimiz var. Gender bərabərliyini pozaraq bu imici zədələmək olmaz”.