“Hər gün media səhifələrində, internetdə, televiziya ekranlarında görürük ki, narkotacirlər, onu istifadə edənlər saxlanılır, həbs edilir, cəzalandırılır. Amma belə görünür ki, bunlar bəs etmir”. Bu barədə millət vəkili Razi Nurullayev "Sherg.az"a deyib. Deputat bildirib ki, burada yalnız polisdən, hüquq-mühafizə orqanlarının gücündən yox, bütün cəmiyyətin gücündən istifadə etmək lazımdır: “Azərbaycanda bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla bağlı ayrı-ayrı rayonlarda könüllü dəstələr yaradıla bilər. Könüllü dəstələr həm hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərlər, həm aldıqları məlumatları lazımi orqanlara ötürərlər.
Yəni cəmiyyətin özünün də bu məsələ ilə bağlı birbaşa iştirakına ehtiyac var. Müxtəlif təbəqələrin iştirakı ilə böyük müzakirələr açıla bilər ki, cəmiyyət problemin qarşısını almaq üçün hansı addımları ata bilər, necə səfərbər edilər. Burada dövlət orqanlarının da iştirakının stimulizasiyası, motivasiyası vacibdir. Onların da məsələyə müdaxiləsi önəmlidir ki, cəmiyyətin müxtəlif təbəqələri prosesə cəlb olunsunlar”.