Məktəbli forması üçün sifariş edilən mallar gömrükdə qaldı: BTE-dən NARAZILIQ

“Yeni məktəbli formalarının satışı davam edir. Hər gün təxminən 500-600 forma tikilir və elə o qədər də satılır”. 
Bunu Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, yeni formaların istehsalına gec başladıqları üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinlik çəkirlər.
Həmçinin formaların tikilməsində istifadə olunan parçaların alınmasında da müəyyən problemlər yaranıb:
“Tikilən geyimlərin sayı hələ ki məlum deyil. Formaları bir ay qalmış tikməyə başladıq. İndi də vaxt darlığından çətinlik çəkirik. Çünki material sifariş etmək çox vaxt apardı. Bu materiallar pambıq və yun qarışığı olduğundan respublikamızda istehsal olunmur. Gətirmək isə həm vaxt, həm də güc tələb edir. Mallarımız iki gündür ki, Rusiya ilə sərhəddə qalıb, keçə bilmir. Vaxtında yetişməlidir ki, tikək və çatdıraq. Dördüncü sinfə kimi hamını geyindirmək lazımdır. Bir fabrik üçün isə bu, çox çətindir”.
Etibar Əzimovun sözlərinə görə, bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək:
“Bununla bağlı narazılıq edənlər də var. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki forma hazırlanmayıb. Bu il ancaq ibtidai sinifləri təmin etmək gücündəyik. Mərkəzi satış nöqtəmiz fəaliyyət göstərir. Əlavə olaraq “Bravo” marketlər şəbəkələrində də məktəbli formaları satışa çıxarılır. Qərarda dörd rəng üzrə forma tikilməsi təklif olunub. Amma biz iki rəngdən istifadə edirik”, - deyə Etibar Əzimov qeyd edib.

Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb.