Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
Belə ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən ancaq cari il avqustun 15-dən 31-dək 1 318 ədəd “PMN-Э” növlü minalar aşkar edilib.
Həmin minalar Vətən müharibəsindən sonra, 2021-ci ildə Ermənistanda istehsal olunub.
Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
“Həmçinin, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.
Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası bu ölkə tərəfindən həyata keçirilən mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir”, - məlumatda bildirilib.