500-dən çox bal toplasalar da, tələbə ola bilmədilər

“I və IV ixtisas qrupunda 500-dən çox bal toplayan bir neçə abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib”.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. 

DİM rəhbəri bildirib ki, bu, IV ixtisas qrupu üçün hal təbiidir. Çünki abituriyent tibb ixtisası üzrə yalnız bir yer yazdığı üçün ali məktəbə daxil ola bilmir.

“Amma bu il Tibb Universitetində yeni açılan ixtisaslar da var ki, onların keçid balı aşağıdır. Əgər həmin şəxslər bu ixtisasları seçsəydilər, kənarda qalmazdılar. Sevindirici hal odur ki, bu il Bakı Dövlət Universitetində Biotexnologiya ixtisası açılıb və həmin yer üçün axın yüksək olub. Burada keçid balı Tibb Universiteti ilə eyni səviyyədə olub. Bu, o deməkdir ki, gənclərimiz müasir ixtisaslar barədə məlumatlıdırlar və düzgün addım atırlar”.