Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Dohaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov və Türkiyə Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mustafa Göksu ilə görüşüb.
Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövlətləri Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlığın, Türk dünyasının qədim maddi-mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edilib. Türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin Türk dövlətləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində tanıdılmasında və daha geniş auditoriyalara çatdırılmasında Fondun fəaliyyəti yüksək qiymətləndirilib. Görüşlərdə Türk Dünyasının zəngin irsinin möhkəmlənməsi yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb.
Görüşlər Türk və ərəb dünyasının mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılması ilə bağlı müzakirələrlə davam edib.