Həbs dalğası genişlənəcək

Cəza alacaq ən axırıncı adam general Bəkir Orucovdur

"Tərtər işi"ndə günahlandırılan şəxslərin 1 faizi belə hələ məsuliyyətə cəlb olunmayıb

 Müdafiə Nazirliyində "Tərtər işi" ilə bağlı yeni həbs dalğası başlayıb. Həbs olunanlar arasında Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov da var. General barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub. "Tərtər işi” ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb. 

Ümumən isə cinayət işləri üzrə indiyədək 405 zərərçəkmiş şəxs müəyyənləşib. Lakin zərərçəkənlərin sayının daha çox olduğu deyilir. Barmaqlıqlar arasına göndərilənlərdən biri də ədliyyə mayoru, hərbi hüquqşünas Rahib Məmmədovdur. O, həmçinin, Rahib Bəşər imzası ilə yazıçı-şair kimi də tanınır. 8 kitabın müəllifidir. Baş Prokurorluqdan verilən digər məlumata görə, “Tərtər işi” çərçivəsində haqlarında hökm çıxarılmış 19 şəxsin məhkəmə qərarlarına yenidən baxılmasına qərar verilib. 
  
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Şərq"ə bildirib ki, həbs olunan Bəkir Orucov "Tərtər işi"ndə son söz sahiblərindən deyil. Ekspertə görə, generaldan savayı qərar qəbul edən digər şəxslər də var: 

"Həmin şəxslərin 1 faizi belə hələ məsuliyyətə cəlb olunmayıb. Bəkir Orucov icraedici olub. Onun hərbi hissəyə kimisə qeyri-qanuni çağırtdırmaq, fiziki işgəncəyə məruz qoymaq üçün birbaşa səlahiyyəti olmayıb. İstintaq prosesində tamam başqa adlar çəkilir. Adı çəkilən insanlar istintaqa cəlb olunmayana, onların hərəkətlərinə hüquqi qiymət verilməyənədək "Tərtər işi" ilə bağlı narazılıq bitməyəcək. Baş Prokurorluq ümumi işin çox cüzi hissəsini görüb. Amma bu işlər çoxdan görülməli idi. Neçə müddətdir İstintaq qrupu yaradılıb və üzərindən aylar keçib. Ləng tərpənmək olmaz, çevik işləmək lazımdır. İndi deyirlər ki, "istintaq tam, hərtərəfli və obyektiv aparılır". Halbuki, öncəki istintaqın da bu şəkildə aparıldığı vurğulanmışdı. Əgər əvvəlki istintaqda problem olmayıbsa, yeni istintaq qrupu niyə yaradılıb? Deməli, problemlər olub. İndiki İstintaq qrupu da əvvəllər bu sahədə nöqsanlara yol verildiyini açıqlayıb. Bu işləri aparan müstəntiqlər, o cümlədən dövlət adından qərar çıxaran hakimlər də məsuliyyətə cəlb olunmalıdır. İşi yarımçıq görmək olmaz. Hər şeyi də Bəkir Orucovun üzərinə atmaq doğru yanaşma deyil. Əmin olun, prosesdə cəzalandırılması labüd olan ən axırıncı adam general-mayor Bəkir Orucovdur".