Nəticə yenə də Ermənistan hökumətinin apardığı siyasətdən, verəcəyi qərarlardan asılı olacaq
Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. Xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib ki, rəsmi İrəvan hazırda bu təkliflərə Bakıdan cavab gözləyir. Ötən gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə erməni həmkarı Mger Qriqoryan arasında da növbəti görüş keçirilib. Tərəflər delimitasiya işləri ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan parlamentinin sədri Alen Simonyan da qeyd edib ki, bir çox ikitərəfli məsələlər həll edilib və siyasi iradə olarsa, yerdə qalan məsələləri də həll etmək olar. Simonyan əlavə edib ki, sərhədin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsi Zəngəzurda keçirilə bilər. Xatırladaq ki, COP29 ərəfəsində Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntilər var. Lakin Ermənistan tərəfi öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində heç bir real addım atmır. Konstitusiyada dəyişiklik məsələsi Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malikdir. Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi ilə bağlı erməni xalqının aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən gələcək hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər. Aydın görünən odur ki, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır. Bu da gələcəkdə kənar ölkələri, eləcə də erməni diasporunu prosesə cəlb etməklə qarşıdurma yaratmaq, münaqişəni yenidən alovlandırmaq məqsədi güdür.
Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, strateji planda sülh sazişinin qaçılmazlığı ortadadır. Alim vurğulayıb ki, dünyada gedən geosiyasi proseslər, regiondakı güc balansı, Azərbaycanın güclənən mövqeləri bunu zəruri edir:
"Ermənistan təzyiqlərdən xilas olmaq istəyirsə, dünya siyasətində öz yerini almaq istəyirsə, sülhdən başqa yolu yoxdur. Sülh sazişinin alternativi yoxdur və istənilən halda imzalanacaq. Demoqrafik, hərbi-siyasi, iqtisadi güc balansı baxımından Ermənistan Azərbaycanla yarışacaq, militarist və revanşist niyyətləri istiqamətində addımlar ata biləcək imkanlara sahib deyil. Sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılsa da, prinsipial məsələlər hələ qalır və müzakirələr davam edir. Detallı açıqlamalar olmasa da, təmasların intensivliyi, ikitərəfli açıqlamalar sülh sazişinin yaxın dönəmdə imzalana biləcəyi ilə bağlı ehtimalları gücləndirir".
Həmsöhbətimizin fikrincə, burada kritik suallar da ortaya çıxır ki, onların cavablanması mütləqdir: "Ermənistanda hər hansı hakimiyyət dəyişikliyi zamanı yeni hökumət qeyd-şərtsiz sülh sazişini qəbul etməlidir. Siyasi qüvvələr arasında yekdil konsensus olmalıdır. Ermənistanın Konstitusiyasından, digər aktlarından Azərbaycana ərazi iddiaları tamamilə çıxarılmalıdır. Qanunvericilik bazası imkan verməməlidir ki, gələcək iqtidarlar yenidən revanşist hisslərlə yollarına davam etsinlər. Azərbaycanın haqlı və qəti tələbləri ortadadır. Ermənistan dövləti yeni meyarlarla, ölçülərlə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq siyasəti qurmalıdır. Ermənistan daxili siyasət baxımından xeyli problemlidir. Şovinist, irqçi duyğularla zəhərlənmiş, aldanılmış erməni toplumunda Türkiyə və Azərbaycan düşmənçiliyi qalmaqdadır. Belə demək mümkündürsə, mərhələli şəkildə aparılacaq "müalicəvi-profilaktik" tədbirlərlə erməni toplumunu sağaltmaq zəruridir. O baxımdan sülh məsələsi Ermənistan daxilində ağrılı gedir. Paşinyan da öz hakimiyyətini qoruyaraq sülh sazişini imzalamaq istəyir".
Siyasi şərhçi diqqətə çatdırıb ki, digər məsələ geosiyasi istiqamətlə bağlıdır. Alimin sözlərinə görə, Rusiya və Qərbin Ermənistan üzərində rəqabəti, geosiyasi mübarizəsi gedir: "Hər cinahın Ermənistandan fərqli istəkləri var. Xüsusən, Zəngəzur dəhlizi ilə bağlı tələblər, təzyiqlər fərqlidir. Bu da problem yaradan məsələdir. Azərbaycanın prinsipial mövqeyi odur ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır, Naxçıvanla maneəsiz gediş-gəlişlər təmin edilməlidir. Rəsmi Bakı dəhlizi sülh prosesində olmazsa-olmaz məsələ kimi görür. Bir tərəfdən sülh sazişinə imza atmaq, digər yandan isə Naxçıvana gediş-gəlişə əngəl olmaq imkansızdır. Həmçinin yüzminlərlə Qərbi azərbaycanlı öz torpaqlarından didərgin düşüb.Vaxtı ilə deportasiya edilmiş soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma ocaqlarını, məzarlıqlarını ziyarət etməsi təmin olunmalıdır. Qərbi azərbaycanlıların bu haqqı tanınmalıdır. Ən azından normallaşma prosesinə başlanandan və qonşuluq münasibətləri formalaşandan sonra bu məsələ həllini tapmalıdır. Nəticə Ermənistan hökumətinin apardığı siyasətdən, verəcəyi qərarlardan asılı olacaq.