Evi qarışqalar basıb? Həll mətbəxdədir - Bir şüşə kifayətdir

Yay aylarında evlərdə, xüsusilə də mətbəxdə qarışqa problemi daha da aktuallaşır. Mütəxəssislər bildirirlər ki, qarışqalar qida mənbəyi tapdıqdan sonra digər fərdləri həmin yerə yönləndirmək üçün feromon adlanan kimyəvi izlər buraxırlar. Nəticədə qısa müddətdə evin müxtəlif hissələrində qarışqa koloniyaları görünməyə başlayır.

Bəs bu problemdən kimyəvi vasitələrdən istifadə etmədən necə qurtulmaq olar? Sherg.az çarəni təqdim edir:

Ağ sirkə ən təsirli vasitələrdən biridir

Qarışqaların izlədiyi feromon izlərini pozmaq üçün ağ sirkədən istifadə etmək tövsiyə olunur. Bunun üçün su və ağ sirkə bərabər nisbətdə qarışdırılaraq sprey şüşəsinə doldurulur. Məhlul qarışqaların keçdiyi yollar, qapı eşikləri və mətbəx səthlərinə püskürdülür. Sirkənin qoxusu qarışqaların istiqaməti müəyyənləşdirməsini çətinləşdirir.

Nanə yağı qarışqaları uzaqlaşdırır

Bir stəkan suya 10-15 damcı nanə efir yağı əlavə edilərək giriş nöqtələrinə püskürtmək mümkündür. Həmçinin pambığa damızdırılaraq evin müxtəlif guşələrinə yerləşdirilə bilər. Nanə qoxusu insanlar üçün xoş olsa da, qarışqalar üçün narahatedici hesab olunur.

Darçın və mixəkdən istifadə edin

Toz darçın qapı altlarına, pəncərə kənarlarına və çatlara səpildikdə qarışqalar həmin ərazilərdən uzaq dururlar. Mixək də oxşar təsir göstərir və giriş nöqtələrinə yerləşdirildikdə faydalı olur.

Qəhvə çöküntüsü də kömək edir

İstifadə olunmuş qəhvə çöküntüsünü (telvə) pəncərəaltı hissələrə, dibçəklərin ətrafına və qarışqaların çox göründüyü yerlərə səpmək onların istiqamət hissini zəiflədir.

Xiyar qabığı təbii vasitədir

Xiyar qabıqları mətbəxin müxtəlif hissələrinə qoyulduqda qarışqaların həmin ərazilərdən uzaqlaşmasına kömək edir. Quruduqca yenisi ilə əvəz olunması tövsiyə edilir.

Əsas şərt təmizlikdir

Mütəxəssislər vurğulayırlar ki, heç bir təbii vasitə təkbaşına qalıcı nəticə vermir. Açıq qida məhsullarının saxlanılmaması, şirin qidaların qapalı qablaşdırılması, tullantıların vaxtında atılması və kiçik çatların bağlanması qarışqa probleminin qarşısını almaqda mühüm rol oynayır.

Bu sadə üsullar həm büdcəyə qənaət etməyə, həm də evdə kimyəvi maddələrdən istifadəni minimuma endirməyə imkan verir.